Rusiyanın Avropa İttifaqındakı ali nümayəndəsi Kiril Loqvinov çox güman ki, casusdur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Spiegel”
yazır.
Yüksək rütbəli Rusiya diplomatının Rusiya xüsusi xidmət orqanlarına işləməsi ilə bağlı şübhələr Avropa mediasının, xüsusən də "Spiegel”in birgə araşdırmalarından sonra yaranıb.
Belçika kəşfiyyat xidməti yüksək səviyyəli diplomatı Xarici Kəşfiyyat Xidmətinin (SVR) agentləri siyahısına əlavə edib.
Loqvinov 2018-ci ildən Rusiyanın Brüsseldəki daimi nümayəndəliyində diplomat kimi akkreditə olunub. Rusiyanın Aİ-dəki sonuncu səfiri təxminən bir il əvvəl vəzifəsini tərk etdikdən sonra Loqvinov missiyanın rəhbəri vəzifəsini icra edir.
Açıq məlumatlara görə, o, 2010-2014-cü illərdə Rusiyanın Berlindəki səfirliyində də işləyib. O zaman Loqvinovun casusluğu ilə bağlı şübhələr olmayıb.
Belçika hakimiyyəti Loqvinov və Aİ səfirliyinin qalan digər əməkdaşlarını gizli şəkildə Avropa maraqlarına zidd işləməkdə şübhələnir.
Bildirilir ki, Loqvinov ötən il casusluqda şübhəli bilinsə də, o vaxt diplomat hələ Rusiya nümayəndəliyinə rəhbərlik etmirdi.
Media araşdırmalarına görə, Loqvinovla nə edəcəyi ilə bağlı sual bir müddətdir ki, Aİ diplomatlarını və Qərb kəşfiyyat orqanlarını narahat edir. İnsayderlər deyir ki, keçən il Aİ dairələrində onunla bağlı mübahisə yaranıb.
Belçika əks-kəşfiyyatı şübhəli agentin deportasiya edilməli olan şəxslərin siyahısına əlavə edilməsini istəyib. Lakin Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) diplomatları bunun qarşısını alıblar. Onlar yəqin ki, Rusiyadakı öz nümayəndələri üçün daha çox mənfi nəticələrdən qorxublar.
Avropa Parlamentinin vitse-prezidenti Martin Hoysik Loqvinovun hələ də qovulmamasından şoka düşdüyünü bildirib və media araşdırmasından sonra parlamentin bu işə baxacağını və EEAS-a təzyiq göstəriləcəyini ehtimal edib.
Kiril Loqvinov və Rusiyanın Aİ yanında daimi nümayəndəliyi SPIEGEL və tərəfdaşlarının ittihamlarla bağlı sorğusunu cavabsız qoyub.
EEAS fərdlər haqqında şərh verməyəcəyini söyləyib.
Belçika kəşfiyyat xidməti Loqvinov işi ilə bağlı şərh sorğusuna cavab verməyib.
Nizami Bağırov