Rusiya casus şəbəkəsi Avropa ölkələrində fəal şəkildə fəaliyyətini davam etdirir. Təbliğat əməliyyatlarına diqqət yetirilir.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) nümayəndəsi Andrey Çernyak
bildirib.
Onun sözlərinə görə, Rusiya kəşfiyyatının prioritet məqsədləri arasında Avropada müəyyən nüfuzlu şəxslərə təsir etməkdir. Bundan başqa, Rusiya media ilə fəal işləyir.
"Bunlar onların açıq təbliğat ruporları, məsələn, "Russia today" və digər daha gizli təsir vasitələridir. Elə hallar olur ki, rusiyalılar tərəfindən ələ alınmış xarici media jurnalistləri öz həmkarlarının fikirlərini Rusiyanın xeyrinə dəyişmək işinə qoşulurlar”, - Çernyak bildirib.
Rusiya casus şəbəkəsinin Avropadakı işinin digər mühüm istiqaməti Qərb silahlarının tədarükünə qarşı mübarizədir.
"Rusiya üçün "təsir zonası" kimi bütün Avropa maraqlıdır. Moskva Ukraynanı özünə tabe etsə, bununla dayanmayacaq. Daha da irəli gedəcək. Və biz bilirik ki, Putinin Ukraynanı işğal etməzdən əvvəl belə planları olub. Yəqin ki, heç indi də dəyişməyib”, - Çernyak deyir.
Qeyd edək ki, Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı müdaxiləsi fonunda Avropa ölkələri casusluq fəaliyyəti ilə məşğul olan rekord sayda rus "diplomatını” öz ərazilərindən çıxarıblar.
Məlumdur ki, Rusiya agentləri Kremlin göstərişi ilə Avropada terror aksiyalarının həyata keçirilməsi ilə məşğuldurlar. Keçən ilin sonunda İspaniyaya bomba məktublarının göndərilməsi məhz belə hallardandır.
"The Sun” qəzetinin yazdığına görə, Rusiya Britaniyada fəsad törətmək üçün kamikadze casuslardan ibarət ordu toplayır. Mediaya sızan sənədlərə görə, Vladimir Putin Rusiya xüsusi xidmət orqanlarına Böyük Britaniyada kamikadze casuslarının cəlb edilməsini gücləndirməyi əmr edib.
Alpər