Rusiya 2023-cü ilə qədər hədəflənmiş müharibə xərclərini iki dəfə artıraraq 100 milyard dolları ötüb. Bu, dövlətin bütün xərclərinin üçdə birini təşkil edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” Rusiya Federasiyasının hökumət sənədinə istinadən məlumat
yayıb.
Nəşr qeyd edir ki, bu rəqəmlər sektorlar üzrə məlumatların dərc edilmədiyi bir vaxtda Rusiyanın Ukraynaya qarşı müharibəyə xərcləmələri barədə təsəvvür yaradır.
Sənədə əsasən, təkcə 2023-cü ilin birinci yarısında Rusiya müharibəyə ilkin olaraq 2023-cü il üçün planlaşdırdığından 12% və ya 600 milyard rubl (4,8 milyard dollar) çox xərcləyib, plana görə bu, təxminən 4,98 trilyon rubl (54 milyard dollar) olub.
Sənəddə deyilir ki, 2023-cü ilin ilk altı ayında Rusiyanın müharibə xərcləri 5,59 trilyon rubl (44,72 milyard dollar) təşkil edib ki, bu da bu dövr ərzində xərclənən 14,97 trilyon rublun (119,76 milyard dollar) 37,3%-ni təşkil edir.
Rusiyanın büdcə planı "Milli Müdafiə”yə ümumi xərclərin 17,1%-ni nəzərdə tutur.
Rusiya hökuməti və maliyyə nazirliyi bu rəqəmlərlə bağlı sorğuya cavab verməyib.
Reuters qeyd edir ki, müharibə xərclərinin artması büdcə kəsirin böyüməsinə səbəb ola bilər.
Reuters agentliyinin sənəd əsasında apardığı hesablamalar göstərib ki, Rusiya ilk altı ayda bütövlükdə 2023-cü il üçün planlaşdırılan bütün büdcə xərclərinin 19,2%-ni müharibəyə xərcləyib.
Açıqlanan son rəqəmlərə görə, Moskva yanvar və fevral aylarında orduya 2 trilyon rubl (16 milyard dollar) xərcləyib. Bu ilin birinci yarısında büdcə xərcləri 2022-ci ilin eyni dövrünün göstəricilərini 2,44 trilyon rubl (19,52 milyard dollar) üstələyib. Sənədə əsasən, bu əlavə vəsaitin 97,1 faizi müdafiə sektoruna yönəldilib.
Sənəd müharibəyə illik xərclərin 9,7 trilyon rubl (77,6 milyard dollar) həcmində yeni qiymətləndirilməsini nəzərdə tutur. Bu da 29,05 trilyon rubl (232,4 milyard dollar) məbləğində ümumi hədəf xərclərin üçdə birini təşkil edir ki, son on ildə ən yüksək pay olacaq.
2011-2022-ci illər arasında Rusiya büdcəsinin minimum 13,9%-ni, maksimum 23%-ni müdafiəyə xərcləyib.
Sənədə əsasən, Rusiya yeni illik müdafiə büdcəsinin 57,4%-ni artıq xərcləyib.
Nizami Bağırov