Xəbər lenti

Rusiyanın iştahı azalır, yoxsa yeni manevrlərə başlayır? - Diqqət Donbasa…
Dünya08:20 26.03.2022

Rusiyanın iştahı azalır, yoxsa yeni manevrlərə başlayır? - Diqqət Donbasa…

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya komandanlığı əsas diqqəti Donbasa yönəltmək qərarına gəlib.
Rusiya Ukraynada bir aya yaxındır həyata keçirdiyi hücum planını dəyişmək qərarına gəlib. Belə ki, ötən gün Rusiyanın yüksək çinli hərbçiləri "xüsusi əməliyyatın” birinci mərhələsinin başa çatdığını bildirərək, bundan sonrakı mərhələdə əsas diqqətin Donbasın "tam azad” edilməsinə yönəldəcəklərini bəyan ediblər. Moskva bu mövqeyini onunla əsaslandırır ki, Ukraynanın əsas zərbə qüvvələrini, hərbi infrastrukturunu artıq sıradan çıxarmağa nail olublar. Bu əsasda da düşünürlər ki, artıq daha asanlıqla Donbasın Ukraynanın əlində olan hissəsini tuta biləcəklər. 
Görəsən, reallıqda Kremli sözügedən mövqe dəyişikliyinə nə vadar edib? 
Qeyd edək ki, Moskva gözlədiyinin əksinə olaraq, Ukraynada ciddi müqavimətlə üz-üzə qalıb. Qarşı tərəf, rus ordusuna ciddi əks həmlələr endirməklə, onu canlı qüvvə və hərbi texnika baxımından böyük itkilərə məruz qoyub. Bir sıra məlumatlara görə, Ukraynada ölən, yaralanan, itkin və əsir düşən Rusiya əsgərlərinin sayı 35-40 min civarındadır. Rəqibin ciddi müqavimətilə üzləşən rus ordusu artıq Ukraynanın içərilərinə doğru irəliləyə bilmir. Belə vəziyyətdə, rus komandanlığı anlayır ki, ordularının Ukraynanın içərilərinə doğru daha da irəliləməsi onlara baha başa gələ, hətta sarsıdıcı məğlubiyyətlərinə səbəb ola bilər. Bu isə Kremlin planlarına uyğun deyil. Xatırladaq ki, Pentaqonun yüksək rütbəli rəsmiləri də bundan bir qədər əvvəl bəyan etmişdilər ki, Rusiya hücum əməliyyatının uğursuzluğuna görə Kiyevə hücum etməkdənsə, Ukraynanın şərqini ələ keçirməyə diqqət yetirəcək”. 
Digər tərəfdən, ola bilsin ki, rus komandanlığı artıq Ukrayna ordusunun gücünün tükəndiyini zənn edərək, öz qüvvələrinin Donbas istiqamətinə cəmlənməsinin zamanının yetişdiyi qənaətindədir.
Rus ordusunun mövqe dəyişikliyinə danışıqlarda irəli sürdüyü tələblərə Kiyevin razı olmaması amili də təsir edə bilər. Belə ki, Kremldə düşünürdülər ki, Ukraynanı tələb etdiyi bütün şərtlərin icrasına vadar edə biləcəklər. Lakin bu baş verməyib. Kiyev heç bir halda Krım və Donbasın itirilməsilə barışmayacağını bəyan edib. Görünür, bu amil də Rusiya ordusunun diqqətinin indi Donbasa yönəldilməsinə rəvac verib. Kiyevi tam ram edə bilmirlərsə, heç olmasa Donbası "tam azad” etsinlər. 
Lakin Rusiya komandanlığının Donbas niyyəti aldadıcı manevr də ola bilər. Ola bilsin, bununla rus ordusu Ukrayna ordusunun diqqətinin digər cəbhələrdən, Kiyev və Xarkov kimi böyük şəhərlərdən yayındıraraq, Donbasa yönəldilməsinə nail olmaq və belədə sözügedən şəhərləri daha asan şəkildə işğal etməyi düşünür.    
Rüfət Sultan