Gələcəkdə Rusiya Federasiyası "ikinci cəbhə aça və Moldovaya, ya Baltik ölkələrinə hücum edə bilər”.
Qaynarinfo xəbər verir ki, bu barədə Belçika Ordusunun Baş Qərargah rəisi, admiral Mişel Hofman VRT nəşrinə müsahibəsində
bildirib.
"Biz Rusiyanın müharibə iqtisadiyyatına keçdiyini görürük. Düşünürəm ki, narahat olmağa haqqımız var. Kremlin və prezident Vladimir Putinin dili həmişə birmənalı deyil. Ola bilər ki, gələcəkdə onlar ikinci cəbhə açsınlar. Ya cənubda, ya Moldovada, ya da Baltik ölkələrində”, - admiral bildirib.
Onun fikrincə, Rusiyanın zəifləməsi yalnız müvəqqəti hadisədir.
"Sonucda, Rusiya öz döyüş maşınını və silahlı qüvvələrini yenidən quracaq", - Hofman vurğulayıb.
O bildirib ki, təcavüzkar artıq qonşusuna hücum etmək istəyinin olduğunu nümayiş etdirib.
"Biz bunun təkrar baş verməsinin qarşısını almaq üçün imkanlara malik olduğumuzdan əmin olmalıyıq və lazım gələrsə, əks-hücum etməyə hazır olduğumuzu nümayiş etdirməliyik", - Belçika Ordusunun Baş Qərargah rəisi bildirib.
Nizami Bağırov