2021-ci ilin payızında Rusiya Prezident Administrasiyası Moldovanın Moskvadan asılı salınması planını təsvir edən strateji sənəd hazırlayıb.
Qaynarinfo "Agentstvo.media”ya istinadən xəbər verir ki, "Rusiya Federasiyasının Moldova Respublikasında strateji məqsədləri” adlı sənəd eyni zamanda, xüsusilə "Süddeutsche Zeitung", "Yahoo News" və "Dosye” Mərkəzinin daxil olduğu jurnalist konsorsiumunun iştirakçıları tərəfindən əldə
edilib.
Eyni araşdırmaçılar qrupu fevralın sonunda Belarusun 2030-cu ilə qədər hərbi, mədəni və iqtisadi sahələrdə Rusiyadan asılı vəziyyətə salınmasına dair sənədi dərc
ediblər.
Sənədi tərtib edənlərin qarşıya qoyduğu məqsədlərdən biri Moldovanı KTMT-yə qoşulmağa məcbur etmək və Avrasiya İqtisadi İttifaqda iştirakını genişləndirməkdir.
Belarusla bağlı sənəddə olduğu kimi, Rusiyanın Moldovada hədəfləri hərbi-siyasi, ticari-iqtisadi və humanitar məqsədlərə bölünür, təcililik dərəcəsinə görə - 2022, 2025 və 2030-cu illəri əhatə edir.
Qısamüddətli hədəflərə Moldova hökumətinin Dnestryanıda Rusiya hərbi mövcudluğunun aradan qaldırılmasına yönəlmiş istənilən hərəkətlərinin neytrallaşdırılması, Rusiya-Moldova münasibətlərinin inkişafına kömək edən qeyri-hökumət təşkilatları şəbəkəsinin yaradılması, habelə Qaqauziyanın paytaxtı Komratda Rusiya Baş Konsulluğunun açılması aiddir.
Rusiya Prezident Administrasiyası 2025-ci ilə qədər Moldova elitası arasında rusiyapərəst əhval-ruhiyyə yaratmağı, Rusiyaya dost siyasi hərəkatların sayını genişləndirməyi təklif edir. Paralel olaraq Moskva Moldovanın "rumınlaşmasının” qarşısını almalı və ölkədə rus dilində təhsilin qorunub saxlanmasını təmin etməlidir.
Nəhayət, 2030-cu ilə qədər sənəd Moldovanın Aİİ-də iştirakının genişləndirilməsini, respublikada Rusiya təsirinin sabit qruplarının yaradılmasını və Dnestryanı münaqişəsinin Dnestryanı ərazinin xüsusi statusu əsasında həllini nəzərdə tutur. Digər uzunmüddətli məqsəd Moldovada rus dilinin xalqlararası dil kimi bərqərar olması, xüsusən də ölkədə rus mediasının mövcudluğunu təmin etməkdir. Sənəddən belə aydın olur ki, strategiyanın əhatə etdiyi bütün 9 il ərzində Rusiya NATO, Aİ, ABŞ, Türkiyə və Ukraynanın Moldovaya təsirinə qarşı fəal mübarizə aparmalıdır. Prezident Administrasiyası iqtisadi təsir alətlərindən biri kimi Moldovanın Rusiya idxalından, ilk növbədə qaz təchizatından asılılığından istifadəni görürdü.
"Dosye” mərkəzinin mənbəsi bildirib ki, sənədi hazırlayanlardan biri Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın nəzarəti altında olan Administrasiyanın sərhəd əməkdaşlığı üzrə əməkdaşı Andrey Vavilovdur. Mənbənin sözlərinə görə, Vavilov 10 ilə yaxın FTX-də çalışıb və 2007-ci ildə rus dili və mədəniyyətini xaricdə yaymaq üçün Vladimir Putin tərəfindən həmin ildə yaradılan "Rus dünyası” fonduna keçib. 2022-ci ildə fond Rusiyanın xaricdə təsir aləti kimi Aİ-nin sanksiyalarına məruz qalıb. "Dosye" mənbəsi bildirir ki, 2011-ci ildə Vavilov Prezident Administrasiyasına keçib və ancaq Moldova mövzusu ilə məşğul olub, hazırda da "Rus dünyası" ekspert şurasının üzvü olmağa davam edir.
Strategiyanın digər müəllifi Kozakın bilavasitə tabeliyində olan prezidentin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr şöbəsinin müdir müavini Viktor Lısenkodur. Onun sözlərinə görə, Lısenko "Moldova işlərinə əl rejimində nəzarət edir”. Araşdırmaçıların əldə etdiyi telefon danışıqların billinqlərinə görə, o, mütəmadi olaraq xüsusi xidmət orqanları tərəfindən Moldova istiqamətinə nəzarət edən FSB generalı Dmitri Milyutinə zəng edir.
Xatırladaq ki, fevralın əvvəlində Avropa Şurasının iclasında Volodimir Zelenski Ukrayna kəşfiyyatının Kişinyovda marionet hökumət qurmaq üçün "Rusiyanın Moldovada vəziyyəti sabitsizləşdirmək planını” ələ keçirdiyini bildirib. Daha sonra Maya Sandu təsdiqləyib ki, o, həqiqətən də Kiyevdən gözlənilən təxribatlar barədə məlumat alıb. "Bu, hökumət binalarına hücum edəcək və insanları girov götürəcək mülki geyimdə hərbi təlim keçmiş insanların iştirakını nəzərdə tutan qısamüddətli plandır”, deyə Moldova prezidenti deyib.
Martın 11-də ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi bildirib ki, ölkə kəşfiyyatında Rusiya kəşfiyyat orqanları ilə əlaqəli şəxslərin Moldovada rusiyayönlü administrasiya qurmaq üçün hökumətə qarşı qiyam qaldırmağı planlaşdırdığına dair məlumatları var. Kirbinin sözlərinə görə, ABŞ Rusiyanın Avropa İttifaqı ilə sıx əlaqələr qurmağa can atan Moldova hökumətini zəiflətməyə çalışdığına dair sübutlar əldə edib. Eyni zamanda, Ağ Ev indi Kişinyov üçün birbaşa hərbi təhlükə görmür.
Nizami Bağırov