Dünya 18:00 29.03.2023

Rusiyanın Moldovaya hücum etmək üçün resursları yoxdur - NATO

Rusiya yaxın gələcəkdə Moldovaya hücum edə bilməyəcək. Bunun üçün Moskvanın resursları çatışmır.

Qaynarinfo xəbər verir ki, bu barədə NATO baş katibinin müavini Mirça Coane TVR İNFO-ya müsahibəsində bildirib.

"Mən demişəm və təkrar edirəm ki, biz Rusiya Federasiyası tərəfindən Moldova Respublikasına gözlənilməz hərbi hücum riskini görmürük. Çox sadə səbəblərə görə: onların Odessaya, Dnestryanıya çatmaq üçün kifayət qədər resursları yoxdur", – NATO rəsmisi deyib. 

NATO qeyd edir ki, buna baxmayaraq, Rusiya Moldovaya qarşı hibrid müharibənin bütün arsenalından istifadə etməkdə davam edir. Baş katibin müavininin sözlərinə görə, mövcud hakimiyyətə qarşı mitinqlər demokratik rejimə zərər vurmaq cəhdlərindən biridir.

"Seçilmiş demokratik rejimi devirmək cəhdi aktiv əməliyyatdır, Moldovada siyasi qüvvələrin səfərbər edilməsi, kommunikasiya, dezinformasiya, yalandan çox geniş miqyasda istifadə olunur”, - Coane bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Moldova prezidenti Maya Sandu bildirib ki, Ukrayna özünü müdafiə etdikcə, Rusiyadan ölkəsi üçün heç bir təhlükə yoxdur.

Bundan əlavə, Moldova hökuməti Ukraynadakı müharibə ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimini 60 gün uzatmaq istəyir.

Nizami Bağırov