
Suriya böhranı və "Ərəb Baharı" səbəbindən Aralıq dənizində daimi hərbi donanma saxlamağı planlaşdıran Rusiya yeni addımlar atmağa başlayıb.
Qaynar.info-nun məlumatına görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu da təsdiqləyib.
Ria Novosti agentliyinə açıqlama verən Rusiya ordusunun yüksək rütbəli zabiti isə Kremlin Aralıq dənizində köməkçi gəmilərlə birlikdə 10 hərbi gəmini daimi olaraq yerləşdirməyi planlaşdırdığını söyləyib: "Bütün işlərdən Qara dəniz Donanması komandanlığı məsuliyyət daşıyır. Son 6 aydır 3 ayrı donanma gəmisinin Aralıq dənizi və Suriya sahillərində apardığı xidmət bunun əsasını təşkil edir".
Rusiyanın Aralıq dənizi sahillərində yaradacağı yeni hərbi dəniz bazasının Suriyada yerləşən Tartus, Yunan Kipri, Yunanıstan və Çernoqoriya limanlarından dəstək alacağı bildirilir.
Müdafiə naziri Şoyqu verdiyi açıqlamasında Rusiyanın Aralıq dənizindəki maraqlarını qoruya bilmək üçün yeni hərbi dəniz birliyi komandanlığının yaradılması təlimatını vermişdi.
"İnterfaks" açıqlama verən digər bir yüksək rütbəli zabit isə 2015-ci ilə qədər daimi bir hərbi dəniz bazasının yaradılılacağını, Qara dəniz donanmasının bu bazanın əsasını təşkil edəcəyini və SSRİ-nin keçmiş Aralıq dənizi qüdrətinin prototipi olacağını demişdi.
Qaynar.info