Xəbər lenti

Dünya 10:10 18.04.2024

Rusiyanın Qərbə qarşı gizli "hücum xarakterli informasiya kampaniyaları"

Rusiya Xarici İşlər Nazirliyi Qərbi "kompleks şəklində cilovlamaq” qərarına gəlib və bunun üçün "hücum xarakterli informasiya kampaniyalarından" istifadə etməyi planlaşdırır. Bu, nazirliyin kollegiyasının hələ 2023-cü ilin aprelində qəbul etdiyi "Prioritet iş sahələrinin dəqiqləşdirilməsi haqqında” qərarından irəli gəlir. 

Qaynarinfo xəbər verir ki, "Daxili istifadə üçün” başlıqlı sənədi "The Washington Post” qəzeti dərc edib

Sənəd qəzetin jurnalistlərinə Avropa ölkələrindən birinin kəşfiyyat xidməti tərəfindən təqdim edilib. Qərar Rusiya Xarici İşlər Nazirliyinin açıqladığı bəyanatlarla ziddiyyət təşkil edir.

"Dost olmayan dövlətlərlə münasibətlərə düzəlişlər etməyə davam etmək lazımdır. Rusiyanın rəqiblərini zəiflətmək üçün praktiki addımlar atmaq üçün onların xarici və daxili siyasətlərində zəif nöqtələrin müəyyən edilməsi mexanizminin yaradılması vacibdir. Dost olmayan ölkələrin kompleks şəkildə cilovlanması hücum xarakterli məlumat kampaniyaları və hərbi-siyasi, ticarət-iqtisadi, informasiya-psixoloji, dəyərlər və digər sahələri əhatə edən digər tədbirlər <...> vasitəsilə həyata keçirilməlidir”, - sənəddə deyilir.

Sənəddə qeyd olunur ki, bu, xarici siyasətin "xüsusi diqqət yetirilməli” sahələrindən biridir. Digər istiqamətlər isə "Qərbin faktiki nəzarəti altında olan” beynəlxalq birliklərdə iştirak, bununla da Qərb ölkələrini "anti-Rusiya kursundan” əl çəkməyə sövq etmək, Qərbin iştirakı olmadan maliyyə mexanizmlərinin inkişafı və "Qərbdən neokolonial asılılığını aradan qaldırılması üçün” Afrika, Asiya, Yaxın Şərq və Latın Amerikası ölkələri ilə əməkdaşlıqdır. 

Sənəd Rusiyanın Xarici siyasəti konsepsiyasının təsdiqindən sonra qəbul edilib (31 mart 2023-cü ildə qəbul edilib). Orada qeyd olunur ki, konsepsiya "ABŞ-ın başçılıq etdiyi dost olmayan dövlətlərin koalisiyası ilə uzun sürən çoxölçülü qarşıdurma kontekstində” həyata keçirilməli olacaq. "Xarici İşlər Nazirliyinin kadr, maliyyə və təşkilati resursları bu problemlərin həllinə istiqamətləndirilməlidir”, nazirliyin qərarında deyilir. 

Rusiya Xarici İşlər Nazirliyi WP-yə "nazirliyin daxili sənədlərinin mövcudluğu və ya olmaması” ilə bağlı şərh verməkdən imtina edib. "Biz təsdiq edə bilərik ki, Rusiyaya qarşı başlayan hibrid müharibənin bir hissəsi kimi kollektiv Qərbin atdığı aqressiv addımlara qarşı qətiyyətli mübarizə aparmağa sadiqik”, - deyə nazirlik əlavə edib.

Qeyd edək ki, Vladimir Putinin 2023-cü ildə təsdiqlədiyi Xarici siyasət konsepsiyasında digər ifadələrdən istifadə olunur. Orada bildirilir ki, Rusiya "özünü Qərbin düşməni hesab etmir, ondan təcrid olunmur və ona qarşı düşmənçilik niyyəti yoxdur”.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->