Xəbər lenti

Rusiyanın Ukraynadakı hərəkətləri müharibə cinayətləridir! - ABŞ-dan rəsmi ittiham
Dünya07:15 24.03.2022

Rusiyanın Ukraynadakı hərəkətləri müharibə cinayətləridir! - ABŞ-dan rəsmi ittiham

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ dövlət katibi Entoni Blinken Rusiya hərbçilərini Ukraynada hərbi cinayətlər törətməkdə ittiham edib.
Qaynarinfo-nun verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin saytında yerləşdirilən bəyanatında deyilir.
"Bu gün mən elan edə bilərəm ki, hazırda mövcud olan məlumatlara əsasən, ABŞ hökuməti hesab edir ki, Rusiya hərbçiləri Ukraynada hərbi cinayətlər törətib. Bizim qiymətləndirməmiz açıq və kəşfiyyat mənbələrindən əldə edilən məlumatların hərtərəfli təhlilinə əsaslanır", - bəyanatda deyilir.
Blinken bildirib ki, səbəbsiz və ədalətsiz müharibə başlayandan bəri Rusiya prezidenti Vladimir Putin bütün Ukraynada ölüm və dağıntılarla nəticələnən amansız zorakılıqlara əl atıb.
"Biz, konkret hədəf olmayan hücumlara, dinc əhaliyə qarşı qəsdən edilən hücumlara və digər vəhşiliklərə dair çoxsaylı etibarlı məlumatlar görmüşük. Rusiya qoşunları yaşayış binalarını, məktəbləri, xəstəxanaları, mühüm infrastruktur obyektlərini, mülki nəqliyyat vasitələrini, ticarət mərkəzlərini və təcili yardım maşınlarını dağıdıb, nəticədə minlərlə günahsız dinc sakin həlak olub, ya da yaralanıb”, - deyə o bildirib.
Bəyanatda vurğulanır ki, Rusiya qüvvələrinin zərbə endirdiyi bir çox hədəfin mülki şəxslər tərəfindən istifadə edildiyi açıq şəkildə müəyyən edilib.
"Buraya, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının martın 11-də açıqladığı hesabatda açıq şəkildə qeyd edilən Mariupol doğum xəstəxanası da daxildir. Həmçinin göydən görünən iri hərflərlə «дети» (rus dilində "uşaqlar”) sözü ilə aydın şəkildə işarələnmiş Mariupol teatrına hücum da daxildir. Putin qüvvələri Çeçenistanın Qroznı və Suriyanın Hələb şəhərində eyni taktikadan istifadə edərək xalqın iradəsini qırmaq üçün şəhərləri bombalamağa başladılar. Onların Ukraynada buna cəhd etməsi dünyanı yenidən şoka saldı və prezident Zelenskinin dəqiq ifadə etdiyi "Ukrayna xalqı qana və göz yaşına boyandı", - bəyanatda deyilir.
Blinken əlavə etdi ki, hər hansı bir iddia edilən cinayətdə olduğu kimi, konkret işlərdə cinayət təqsirini müəyyən etmək üçün son nəticədə cinayətin yurisdiksiyasına malik olan məhkəmə məsuliyyət daşıyır.
"ABŞ hökuməti müharibə cinayətləri ilə bağlı məlumatları izləməyə davam edəcək və topladığımız məlumatları lazım gəldikdə müttəfiqlər, tərəfdaşlar və beynəlxalq təşkilatlarla paylaşacaq. Biz cinayət təqibi də daxil olmaqla, bütün mövcud vasitələrdən istifadə edərək məsuliyyətə cəlb etməyə nail olmağa çalışırıq", - deyə dövlət katibi bildirib.
Tərcümə: Nizami Bağırov
Qaynarinfo