ABŞ-ın Strateji və beynəlxalq araşdırmalar mərkəzinin (CSIS) hesablamalarına görə, Ukraynadakı müharibənin bir ili ərzində 60-70 min rusiyalı hərbçi həlak olub. Təşkilatın hesabatında deyilir ki, bu, Sovet və Rusiya ordularının 1945-ci ildən bəri iştirak etdiyi bütün silahlı münaqişələrdəki ümumi itkiləri üstələyir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Agentstvo.media” nəşri
yazır.
CSIS-ə görə, ölən və yaralananlar arasında Rusiyanın ümumi itkiləri 200 ilə 250 min arasında dəyişir. Bu siyahıya həm hərbi, həm də Rusiya xüsusi xidmət orqanlarının əməkdaşları, "Vaqner” muzdluları və qondarma "DXR” və "LXR”-dən olan qüvvələr də daxildir.
CSIS yazır ki, İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Rusiya hərbçiləri ən çox Əfqanıstanda (14-16 min), Çeçenistanda (12-25 min), habelə Ukraynaya genişmiqyaslı işğaldan əvvəl Donbasdakı döyüşlər zamanı (6-7 min) itki verib.
Analitiklər onu da qeyd edirlər ki, Ukraynadakı itkilərin sürəti əvvəlki münaqişələrdəki itkilərin sürətindən daha yüksəkdir. Belə ki, Çeçenistanda Rusiya qüvvələri ayda orta hesabla 95-185, Əfqanıstanda isə 130-dan 145-ə qədər itki verib. CSIS-in məlumatına görə, Ukraynada keçən ilin fevralın 24-dən hər ay 5.000 – 5.800 nəfər hərbçi ölür.
Hesabat müəllifləri qeyd edirlər ki, Ukraynadakı müharibə artıq tükəndirmə müharibəsinə çevrilib. Hər iki tərəf həlledici sıçrayış üçün əsas nöqtələrdə zirehli birləşmələr yığmaq əvəzinə, bütün cəbhə xətti boyunca piyada və artilleriya qoşunlarını paylaşdırıb.
Analitiklərin fikrincə, Rusiyanın müharibədəki ilkin strategiyası bir sıra yanlış fərziyyələrə, o cümlədən Ukrayna əhalisinin Zelenski hökuməti üçün vuruşmayacağına, Ukrayna ordusunun tez yorulacağına və Qərbin Ukraynaya dəstək verməyəcəyinə əsaslanırdı.
CSIS yazır ki, Ukraynanın uğuru əsasən onun hərbi innovasiyalardan, o cümlədən Kiyevin dronlardan, mülki əhalidən alınan məlumatlardan, müasir rabitə sistemlərindən və müasir silahlardan istifadəsi ilə bağlıdır.
Qeyd edək ki, fevralda "The New York Times” ABŞ və digər Qərb rəsmilərinin məlumatlarına istinadən yazıb ki, Rusiya ölü və yaralı olmaqla 200 minə qədər hərbçsini itirə bilər. Daha sonra eyni qiymətləndirmə Britaniya kəşfiyyatı tərəfindən də səsləndirilib.
Nizami Bağırov