Xəbər lenti

Rusiyanın Ukraynadakı müharibəsi: Altı ayda altı sürpriz - Melinda Herinq
Dünya10:34 30.08.2022

Rusiyanın Ukraynadakı müharibəsi: Altı ayda altı sürpriz - Melinda Herinq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaynarinfo "Atlantic Council”in Avrasiya mərkəzinin direktor müavini Melinda Herinqin məqaləsini təqdim edir.
Altı ay əvvəl Rusiya Ukraynaya genişmiqyaslı işğala başladı. O vaxtdan bəri Rusiya Federasiyası ölkə ərazisinin daha 13%-ni işğal edib, minlərlə ukraynalını qətlə yetirib, saysız-hesabsız qəsəbə və kəndlərlə bərabər, iri şəhərləri yerlə-yeksan edib, Ukrayna iqtisadiyyatını boğub, Avropanın ən böyük atom elektrik stansiyasını girov götürüb və yüz milyardlarla dollar ziyan vurub. Rus əsgərləri misilsiz müharibə cinayətləri törədib və minlərlə ukraynalı uşaq zorla Rusiyaya köçürülüb. Ukrayna əhalisinin üçdə biri evlərini tərk edərək, İkinci Dünya müharibəsindən bəri ən böyük qaçqın böhranına səbəb olub.
Hələ fevral ayında mən Moskvanın işğalına qətiyyən şübhə etməyən və bunu gözləyən azsaylı analitiklərdən biri idim. Vaşinqton inadla işğalın qaçılmaz olduğunu israr etsə də, əksəriyyəti buna şübhə ilə yanaşdı. Müharibənin ilk altı ayı bütün fərziyyələrə meydan oxumağa davam edir.
Bu müharibənin məni ən çox təəccübləndirən altı sürprizi bunlardır:
1. Beynəlxalq sistemin Rusiyanı cilovlaya bilməməsi
Diplomatiya iflasa uğradı, ABŞ-ın təhdidləri (ABŞ prezidenti Co Bayden hətta Rusiya prezidenti Vladimir Putinə ABŞ-ın ehtimal olunan işğala cavabını əks etdirən məktub göndərib) nəticəsiz qaldı və işğaldan əvvəl NATO-nun Şərqi Avropada mövcudluğunu artırması heç bir nəticə vermədi. Beynəlxalq sistem indi Ukraynaya həm müharibə cinayətlərinə görə ədalət axtarmağa, həm də milyardlarla dollar təzminat ödəməyə kömək edə bilmir. Hətta yarımillik müharibədən sonra da Qərbin Ukraynaya daimi təhlükəsizlik təminatları baxımından real təklif edəcəyi heç nə yoxdur.
2. Rus ordusunun "qardaşlara" - ukraynalılara münasibətdə açıq qəddarlığı
Rusiya ordusunun amansız zorakılıq tarixi böyükdür, lakin rus rejiminin rəsmi olaraq öz slavyan qardaşları hesab etdiyi dinc əhalinin kütləvi zorlanması, işgəncə və qətlə yetirilməsində əsgərlərin iştirak etməsi ağlasığmaz görünürdü. Ancaq rus əsgərlərinin Kiyevin kənarındakı şəhər və kəndlərdə etdikləri məhz budur. Mariupolda qadınların və uşaqların gizləndiyi teatrın Rusiya tərəfindən qəsdən bombalanmasını təsəvvür etmək belə çətindir. 
"Holos” partiyasından olan ukraynalı deputat Andriy Osadçukun bu yaxınlarda mənə xatırlatdığı kimi, əvvəllər Rusiya ordusunun Ukraynanın cənub-şərqində rusdilli kəndləri bir-bir dağıdacağı, bununla da onun ölkədəki siyasi dayağını darmadağın edəcəyi ağlasığmaz hesab edilirdi. Rusiyanın təkcə Ukraynanın cənub-şərqindəki hərəkətləri slavyan qardaşlığı mifini ifşa edir.
3. ABŞ administrasiyasının müharibənin əslində nə səbəbdən başlamasının izah edə bilməməsi
Prezident Bayden ABŞ ictimaiyyətindən yanacaqdoldurma məntəqələrində daha yüksək qiymət ödəməsindən başqa bir şey istəmədi. O, Ukrayna üçün çox şey edib, o və komandası bir çox şeylərə görə böyük rəğbətə layiqdir, lakin ictimaiyyətə müraciət etmək onların sırasında deyil.
Elitalar üçün "The New York Times”da ABŞ-ın Ukraynada nə edəcəyini və etməyəcəyini izah edən məqalə yazmaq kifayət deyil. Bu, əlbəttə ki, prezident Corc Buşun ABŞ ictimaiyyətinə 11 Sentyabr hadisələrindən sonra alış-verişə getməyi tövsiyə etdiyi qədər pis deyil, lakin Baydenin ABŞ ictimaiyyəti ilə ünsiyyətə diqqətsiz münasibəti təqdirəlayiq deyil.
Rusiyanın Ukraynadakı müharibəsi uzun sürəcək. Müharibənin nəticəsi Qərbin Ukraynanın səylərini silah və maliyyə yardımı ilə nə qədər dəstəkləyəcəyindən asılıdır. Nəhayət, hər şey ictimai rəydən asılıdır. Müharibənin ilk altı ayı ərzində ictimai ünsiyyətin olmaması utancvericidir, çünki Bayden adi insanlarla əlaqə qurmaq üçün müstəsna istedada malikdir və azadlıq uğrunda davaya hazır olan insandır. 
4. Zelenskinin şoumenlikdən dövlət xadiminə qədər yüksəlişi
Bir ildən az bir müddət əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtona səfərə gəlmişdi. Başa düşə bilmədim ki, o, niyə real nailiyyətlər göstərməməyə çalışırdı. O, real islahat işi ilə məşğul olmadan Ukraynaya investisiyaları artırmağa çan atırdı. Vəzifədə olduğu ilk iki ildə (2019-21) o, siyasətin darıxdırıcı və mürəkkəb detalları ilə az maraqlanır, bunun əvəzinə tez qəbul edilən qərarlara üstünlük verirdi. 
Bu gün isə biz görə bilərik ki, Zelenski zəmanəmizin Çörçilinə çevrilib. O, Kiyevi tərk etmək və ölkəsini Qərbi Ukraynadan və ya Polşadan idarə etmək təkliflərini rədd edərək müharibəyə başlayıb. O vaxtdan bəri o, şəxsi qəhrəmanlığı və cəsarəti ilə dünyanı ruhlandırdı, Qərb hökumətlərini daha çox iş görməyə sövq etdi və dünyaya azadlığın qiymətini izah elədi.
Hərbi lider kimi Zelenski generallarına hörmət etməsi və mühüm strateji qərarları onların öhdəsinə buraxması ilə məşhurdur. O, həm də Ukraynanın sadiq müdafiəçisinə çevrildi. 2019-cu il prezident seçkiləri kampaniyası zamanı bir çox insan Zelenskinin vətənpərvərliyini və Ukraynaya sadiqliyini şübhə altına alırdı. Fevralın 24-nə qədər o, güzəştə getməyə və müharibənin dayandırılması üçün danışıqlara hazır olduğunu nümayiş etdirirdi. O vaxtdan sonra, heç vaxt.
5. Moskvanın müasir Ukraynanı anlamaması
Kreml 2014-cü il Avromaydan inqilabından sonra Ukraynanın dramatik şəkildə necə dəyişdiyini heç vaxt dərk etməyib. Moskva heç vaxt başa düşmədi ki, son səkkiz ildə aparılan islahatlar nə qədər şərti aparılsa da, həqiqidir. Bu, xüsusilə hərbi islahatlara aiddir.
Polşa beynəlxalq münasibətlər institutundan Daniel Şeliqovskinin qeyd etdiyi kimi, ruslar Ukraynada keçirilən sorğuların nəticələrini tamamilə yanlış şərh ediblər ki, ukraynalılar siyasi hakimiyyətini bəyənmirlər, lakin ölkənin silahlı qüvvələrinə etibar edirlər. Bu, Moskvanı səhv nəticəyə gətirib çıxardı ki, əgər Rusiya Ukrayna ordusunu məhv edə bilsə, ukraynalılar yeni liderləri məmnuniyyətlə qəbul edəcəklər. Onlar nə qədər də səhv ediblər.
6. Ukraynanın zəif dövlət qurumlarının ayaqda dura bilməsi
Ukrayna uğursuz dövlət deyil. Rusiya işğalının başlamasından altı ay sonra Ukraynanın bank sistemi işləməyə davam edir. Ukrayna dövlət işçilərinə maaşlarını vaxtında verir. Xəstəxanalar və məktəblər fəaliyyətini davam etdirir. Dövlət dəmir yolu milyonlarla ukraynalını təhlükədən uzaqlaşdıra bilib. Mərkəzi seçki məlumatları qapandı və rus hakerlərindən qorunmaq üçün xaricə köçürüldü. Nazirliklər ölkə daxilində humanitar ləvazimatlar və dərman çatdırmaq üçün könüllülərlə əməkdaşlıq etdi. Müharibə zamanı Ukraynanın zəif dövlət qurumları olduqca dayanıqlı olduğunu sübut etdi.
Bəs bunlardan hansı sizi daha çox təəccübləndirdi?..
Mənbə: Ukrainealert 
Tərcümə: Nizami Bağırov