Xəbər lenti

Rusiyanın Ukraynadakı uğursuzluğu MDB-nin dağılmasına səbəb olacaq (ŞƏRH)
Dünya07:38 14.01.2023

Rusiyanın Ukraynadakı uğursuzluğu MDB-nin dağılmasına səbəb olacaq (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin (MİAEİ) rəhbəri Nikolay Popesku ölkəsinin MDB ilə əməkdaşlıqda heç bir maraq göstərmədiyini deyib:
"Biz MDB-də Moldovanın marağına səbəb olacaq proseslər görmürük, görüşlərdə iştirak etmirik. Bu təşkilatın ölkəmiz üçün, biznesimiz üçün əhəmiyyəti getdikcə azalır”. Nazir vurğulayıb ki, "Moldova üçün MDB ilə azad ticarət zonası 2014-cü ildən fəaliyyət göstərmir", çünki "Rusiya tərəfindən düzəlişlər edilib". 
Bu açıqlama onu deməyə əsas verir ki, MDB-yə üzv daha bir ölkə bu qurumla əlaqələri tamamilə kəsmək niyyətindədir. Ekspertlərə görə, Moldova 3-4 il ərzində MDB-dən çıxa bilər. 
Digər tərəfdən, Ermənistanın son zamanlar yürütdüyü siyasət də onu göstərir ki, İrəvan da sözügedən qurumda təmsil olunmağa elə də maraq göstərmir. MDB yaranan ilk dövrdən fikirlər səslənirdi ki, bu qurum ölü doğulub. Yarandığı dövrdən keçən müddət həmin fikrin həqiqiliyini üzə çıxardı. 30 ildən artıq bir müddətdir fəaliyyətdə olmasına rəğmən MDB üzv ölkələri daxilində hər hansı bir məsələ və ya problemlərin həllində zərrə qədər də olsa rol oynaya bilməyib. Bir çox ekspertlər MDB-yə SSRİ-nin davamı kimi yanaşırdılar. Həqiqətən də qurumda əsas söz sahibi olan Rusiyanın davranışı, üzv ölkələrə yuxarıdan aşağı baxması, daim onları hədələməsi onu deməyə əsas verir ki, Moskva quruma əslində məqamı yetişəndə SSRİ sərhədlərini bərpa etmək üçün bir tramplin kimi baxır. Məhz Rusiyanın yürütdüyü qeyri-adekvat siyasətin nəticəsidir ki, sözügedən qurum yaranan ilk dövrdən ona ciddi rəğbət olmayıb. Təşkilata üzv dövlətlər sadəcə zorən, məcburiyyət qarşısında qurumda təmsil olunurlar. Rusiyanın son addımları da istər-istəməz MDB-nin gələcəyini sual altına qoyur. Belə ki, Rusiyanın Ukraynaya hücumu, bu fonda ciddi uğur qazana bilməyərək, bataqlığa yuvarlanması fonunda bəzilərinin MDB-yə azdan-çoxdan olan ümidləri də puça çıxarmaq üzrədir. Quruma üzv dövlətlər bir-birinin ardınca ondan uzaqlaşmaq yolunu tutur. Bir çox dövlətlər yaranmış vəziyyətdən istifadə edərək, Rusiya təsirindən xilas olmağın yollarından biri olaraq MDB ilə vidalaşırlar. Bu fonda aydın şəkildə görünür ki, MDB-nin gələcək taleyi də Moskvanın Ukraynadakı fəaliyyətindən, daha doğrusu onun orada əldə edəcəyi nəticələrdən asılı olacaq. Rusiya bu müharibədə hər hansı bir uğur əldə edərsə, istər-istəməz onun mövqeləri güclənəcək və bu əsasda MDB ilə vidalaşmaq istəyən ölkələr həmin istəklərindən vaz keçməyə məcbur olacaqlar. Əksi baş verərsə, yəni Moskva müharibədə hazırda düşdüyü uğursuzluq bataqlığından çıxa bilməsə, bu artıq Rusiyanın bir dövlət olaraq zəifləməsi baş verəcək. Həmin vəziyyət isə MDB-də təmsil olunan dövlətlərə onunla əlaqəni tamamilə kəsmək üçün bir siqnal olacaq. Mövcud vəziyyət ikinci variantın daha gerçək olduğunu söyləməyə əsas verir. MDB, KTMT, Aİİ kimi təşkilatlar zatən, Rusiyanın dirijor çubuğu ilə idarə olunan qurumlar olub. Yəni, adı çəkilən təşkilatların yaranması və fəaliyyəti birbaşa Rusiya ilə bağlıdır. Rusiyanın Ukraynada uduzması və zəifləməsi fonunda isə MDB, KTMT, Aİİ kimi qurumlar da tarixin arxivinə yuvarlanacaqlar. 
Rüfət Sultan