Rusiya yanvarın 9-u, cümə günü Ukraynaya "Oreşnik" raketi ilə zərbə endirdiyini bəyan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayaraq, bu silahın nə olduğunu və onun tətbiqinin niyə eskalasiya elementi hesab edildiyini izah
edir.
"Oreşnik" nədir?
"Oreşnik" orta mənzilli hipersəs ballistik raketidir. Rusiya ondan ilk dəfə 2024-cü ilin noyabrında Ukraynaya qarşı istifadə etmişdi, lakin həmin vaxt raket döyüş başlıqlarının maketləri ilə təchiz olunmuşdu və məhdud zərər yetirmişdi. Ukrayna mənbələrinin məlumatına görə, həmin buraxılış sınaq xarakteri daşıyırdı.
İndiki zərbə, əgər raket həqiqətən döyüş yükləri ilə təchiz olunubsa, "Oreşnik"in tamdəyərli partlayıcı hissə ilə istifadə edildiyi ilk hal ola bilər. Rusiya Federasiyası hədəfin Ukraynanın "kritik vacib infrastrukturu" olduğunu bildirsə də, dağıntıların miqyası dərhal dəqiqləşdirilməyib.
Bu raket digərlərindən nə ilə fərqlənir?
Ekspertlər qeyd edirlər ki, "Oreşnik"in əsas xüsusiyyəti eyni vaxtda müxtəlif hədəfləri vura bilən bir neçə döyüş başlığı daşımaq qabiliyyətidir. Belə texnologiya adətən daha uzaq mənzilli qitələrarası ballistik raketlərə məxsusdur.
Raket ilkin olaraq qitələrarası kimi hazırlanan RS-26 "Rubej" bazasında yaradılıb. Bir çox Rusiya silah sistemləri kimi, "Oreşnik" həm adi, həm də nüvə döyüş başlıqları daşıya bilər, lakin indiki hücum zamanı nüvə komponentinin heç bir əlaməti qeydə alınmayıb.
Ukraynanın məlumatına görə, 2024-cü ildəki buraxılış zamanı raket Rusiyanın cənubundan start götürdükdən təxminən 15 dəfə sonra hədəfə çatıb və təxminən 13 600 km/saat sürət yığıb.
Putinin bəyanatları və Qərbin qiymətləndirmələri
Vladimir Putin əvvəllər bəyan etmişdi ki, "Oreşnik"in guya qarşısını almaq qeyri-mümkündür, onun adi döyüş başlığı ilə dağıdıcı gücü isə "nüvə silahı ilə müqayisə oluna bilər". Qərb ekspertləri bu iddialara skeptik yanaşırlar.
2024-cü ilin dekabrında amerikalı rəsmi şəxs bu raketi "oyun qaydalarını dəyişən silah" hesab etmədiklərini bildirmiş, onu eksperimental adlandırmış və Rusiyanın, ehtimal ki, bu raketlərdən yalnız məhdud sayda olduğunu qeyd etmişdi. Eyni zamanda, Rusiya Federasiyası 2024-cü ildən "Oreşnik"in seriyalı istehsalına başladığını və hətta onu Belarusa təhvil verdiyini iddia edir.
Rusiya "Oreşnik"i niyə indi tətbiq etdi?
Rusiya hərbçiləri iddia edirlər ki, raketin buraxılışı ötən ilin sonunda Ukrayna pilotsuz aparatının Putinin Novqorod vilayətindəki iqamətgahlarından birinə guya hücum cəhdinə cavab olub. Ukrayna bunu təkzib edərək, belə bir hücumun olmadığını bildirir.
Əvvəllər Putin Qərbin uzaqmənzilli silahları ilə Rusiyaya zərbələr davam edəcəyi təqdirdə "Oreşnik"i Kiyevdəki "qərar qəbul etmə mərkəzlərinə" qarşı istifadə edəcəyi ilə hədələmişdi, lakin bu ana qədər belə hərəkətlərdən çəkinmişdi.
"Reuters”in məlumatına görə, indiki zərbə Ukraynanın qərbində, NATO üzvü olan Polşa ilə sərhədin yaxınlığındakı Lvov vilayətinə endirilib. Ukraynanın xarici işlər naziri "Oreşnik"in tətbiqini qlobal cavab tələb edən "qlobal təhlükə" adlandırıb.
Eskalasiya ABŞ Prezidenti Donald Trampın Rusiyanı və Ukraynanı sülh sazişinə və 2022-ci ilin fevralında Rusiyanın genişmiqyaslı müdaxiləsindən bəri davam edən müharibəni başa çatdırmağa sövq etmək cəhdləri fonunda baş verir.
Alpər
Şərhlər