Xəbər lenti

Rusiyanın Ukraynaya təcavüzü: Avropanın təhlükəsizliyinə bir başa təhdiddir
Dünya09:48 28.07.2023

Rusiyanın Ukraynaya təcavüzü: Avropanın təhlükəsizliyinə bir başa təhdiddir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Ukraynaya təcavüzü Avropada ən əhəmiyyətli və birbaşa təhlükəsizliyə təhdiddir.
Qaynarinfo "Amerikanın səsi”nə istinadən xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyinin illik hesabatında ("Ağ Kitab" adlanır) deyilir. 
Mətndə deyilir ki, Rusiya BMT Təhlükəsizlik Şurasının üzvü statusuna baxmayaraq, beynəlxalq hüquqa məhəl qoymayıb. Rusiya hakimiyyətinin ritorikası və hərəkətləri "nüvə silahından istifadə hədəsi kimi şərh edilə bilər”.
Qeyd olunur ki, Yaponiya kimi dünya ictimaiyyəti də Rusiyanın bu cür hərəkətlərinə dözməyəcək.
Yaponiya hakimiyyəti Çinin Şərqi Çin və Cənubi Çin dənizlərində hərbi varlığının artırılmasından, həmçinin Rusiya ilə Çin arasında birgə hərbi təlimlərdən narahatdır. Digər təhlükə nüvə və raket sistemlərini inkişaf etdirən Şimali Koreyadır.
Bunun fonunda Yaponiya diplomatik münasibətlərin prioritetini elan edir, lakin "öz torpaqlarını təkbaşına müdafiə etmək” və potensial düşmənin qarşısını almaq niyyətindən əl çəkmir.
Qeyd edək ki, 2022-ci ilin dekabrında Yaponiya İkinci Dünya müharibəsindən sonra hərbi potensialını artırmaq üçün ən böyük planını açıqlayıb. Beş ildən sonra ölkənin müdafiə büdcəsi dünyada ABŞ və Çindən sonra üçüncü olacaq. Yaponiyanın yeni milli təhlükəsizlik strategiyasında Çin əsas beynəlxalq çağırış kimi göstərilib, Rusiya isə artıq tərəfdaş hesab edilmir və "narahatedici” amil kimi görünür.
Nizami Bağırov