Niderlandda MH17 reysini həyata keçirən Malayziya mülki Boeing 777 təyyarəsinin məhv edilməsi ilə bağlı prosesə təsir etmək istəyən hakim istefa verib.
Qaynarinfo xəbər verir ki, bu barədə Niderlandın NOS nəşri məlumat
yayıb.
Məlumatı Haaqa məhkəməsi təsdiqləyib.
Bildirilir ki, qadın Haaqa məhkəməsində məsləhətçi işləyib. Bu ay o, qardaşının sui-qəsd nəzəriyyəsini cinayət prosesinə rəhbərlik edən hakimlərin diqqətinə çatdırmağa çalışdığı üçün Ali Məhkəmə tərəfindən töhmət alıb. Qadının qardaşı kitabında qeyd edib ki, MH17 reysi Rusiya raketi ilə vurulmayıb. Hakim qardaşının kitabını MH17 işi üzrə hakimlərə və prokurorlara paylayıb.
Bu səbəbdən ona cinayət işi aparmaq qadağan edilib. Qadın Niderland Təhlükəsizlik Şurasının və prokurorluğunun nəticələrini "qəsdən və şəffaf gizlətmə”, bəzi məlumatları isə "manipulyasiya və yalan” adlandırıb.
Ali Məhkəmə onun qərarlarının məhkəmə hakimiyyətinin səlahiyyətinə və qərəzsizliyinə inamı sarsıtdığına qərar verib. Əlavə edilib ki, hakim öz fikrini bildirə bilər, lakin "bu ifadələrin təsirini” nəzərə almalıdır.
Xatırladaq ki, Boeing 777 təyyarəsi 2014-cü il iyulun 17-də Rusiyanın Ukraynanın şərqinə silahlı təcavüzü zamanı Donetsk vilayətinin Torez şəhəri yaxınlığında vurulub. Beynəlxalq araşdırma təyyarənin Rusiya istehsalı olan "Buk” zenit-raket kompleksi ilə vurulduğunu müəyyən edib. 2014-cü ildə baş verən qəzada təyyarədə olan 298 nəfərin hamısı həlak olub.
MH17 reysinin Rusiyanın "Buk" raketindən vurulması faktı 2022-ci ilin noyabrında Haaqa məhkəməsi tərəfindən təsdiqlənib. Daha sonra məhkəmə üç müttəhimə ömürlük həbs cəzası verib. Onlardan biri İqor Girkin bu yaxınlarda Rusiyada həbs edilib.
Nizami Bağırov