Dünya 12:30 01.06.2023

Rusiyanın “Yaşıl Kart”ları Avropa İttifaqında qüvvədən düşdü, Azərbaycanda isə...

Rusiya Avtomobil Sığortaçılar İttifaqı ilə Aİ ölkələri, İsveçrə və Böyük Britaniyanın sığorta büroları arasında "Yaşıl Kart” sığorta şəhadətnamələrinin qarşılıqlı tanınması ilə bağlı ikitərəfli sazişlər iyunun 1-də qüvvəsini itirib. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə RBC https://www.rbc.ru/economics/01/06/2023/646f24f99a794743a0b6b5b4 PCA-ya istinadən məlumat yayıb. Məlumata görə, Avropa ölkələrində verilən sığorta artıq Rusiyada keçərli deyil. Eynilə, Avropa İttifaqı, Böyük Britaniya və İsveçrədə Rusiya sertifikatları fəaliyyətini dayandırıb.

Digər ölkələr üçün Rusiya Yaşıl Kartları həmişəki kimi işləməyə davam edəcək (söhbət Azərbaycan, Belarus, Moldova, Serbiya və Türkiyə kimi ölkələrdən gedir).
Rusiya Avtomobil Sığortaçılar İttifaqından bildirilib ki, indi Avropa İttifaqına, İsveçrəyə və ya Böyük Britaniyaya daxil olmaq üçün sürücülər keçid məntəqələrində daxil olduqları ölkənin sərhəd sığorta polisini almalıdırlar. Rusiya daxilində isə Avropa İttifaqı, Böyük Britaniya və ya İsveçrədə qeydiyyatdan keçmiş avtomobillərlə səyahət etmək üçün sürücülər Rusiyanın Nəqliyyat vasitələri sahiblərinin üçüncü şəxslərin məsuliyyətinin icbari sığortası (OSAQO) polisini almalıdırlar.
Beləliklə, Finlandiya ilə sərhədi keçərkən, polisi Finlandiya gömrüklərində almaq olar. Belə sığorta minimum 30 gün, maksimum bir il müddətinə verilir. Finlandiyada avtomobilin sığortasının minimum qiyməti 180 avrodur.
 
Rusiya "Yaşıl Kart”larının Aİ, İsveçrə və Böyük Britaniyada fəaliyyətinin dayandırılması barədə hələ ötən ilin mayında məlumat verilmişdi.
 
Alpər