
Yaponiyanın Xarici İşlər Nazirliyi təlimlə bağlı açıqlama yayıb
Yaponiyanın Xarici İşlər Nazirliyi Kuril adaları yaxınlığında keçirdiyi hərbi təlimlərə görə Rusiyaya etirazını bildirib.
ANS PRESS-in məlumatına görə, Yaponiya adaların iki dövlət arasında mübahisəli ərazi olduğunu qeyd edib.
“Ölkəmizin hüquqi statusundan asılı olaraq, şimal əraziləri (Yaponiyada Kuril adaları belə adlanır ) yaxınlığında Rusiyanın hərbi təlimlər keçirməsini qəbulolunmaz hesab edirik. Buna qəti etirazımızı bildiririk”, - deyə Xarici İşlər Nazirliyi qeyd edib.
Yaponiyanın Baş naziri Sindzo Abe də Rusiya hərbi təlimlərini qəbuledilməz adlandırıb. Yaponiya XİN-in nümayəndələri isə bildiriblər ki, həmin təlimlər “birtərəfli qaydada” keçirilir.
Qeyd edək ki, Rusiyanın Şərq Hərbi Dairəsinin qoşun növlərinin qrupları arasında təşkil edilmiş dəniz sahillərinin Hava Desant Qoşunları tərəfindən desant çıxarılması yolu ilə müdafiəsinin nəzərdə tutulduğu təlimlər bir neçə gün bundan əvvəl başlayıb.
Təlimlərin keçirilməsinə 1000-dən çox hərbçi, beş ədəd Mi-8 helikopteri, 100 ədəd hərbi və xüsusi texnika cəlb edilib.
Qaynar.info