Xəbər lenti

Rusiyaya münasibət, Zelenskinin Konqresdəki çıxışı, büdcə layihəsi... - ABŞ-da çətin günlər
Dünya 12:09 27.12.2022

Rusiyaya münasibət, Zelenskinin Konqresdəki çıxışı, büdcə layihəsi... - ABŞ-da çətin günlər

ABŞ-ın Respublikaçılar Partiyası çətin günlər yaşayır. Amerikalı mühafizəkarlar arasında Ukraynaya yardım da daxil olmaqla 1,7 trilyon dollarlıq xərclər layihəsi səbəbi ilə qarşıdurma yaranıb. 

Respublikaçıların əksəriyyəti Senatdakı mühafizəkarların lideri Mitç Maknollenin demokratlarla bu yaxınlarda əldə etdiyi razılaşmanı dəstəkləmir. Onların fikrincə, bu, ölkəni iflasa aparır. Razılaşmanı dəstəkləyən bütün respublikaçı senatorlar istənilən qanunvericilik təşəbbüslərini bloklamaqla hədələnirlər. Ukrayna da "yumruq altına” düşüb. Bir çox respublikaçı hesab edir ki, məhz demokratlar administrasiyasının Kiyevə yardımı mümkün qədər tez göndərmək istəyi daha balanslaşdırılmış büdcənin qəbuluna mane olub.

Cümə günü prezident Co Bayden 2022/23 maliyyə ili üçün 1,7 trilyon dollarlıq büdcə qanun layihəsini imzalayıb. Beləliklə, büdcənin ideal olaraq qəbul edilməli olduğu andan üç ay sonra Konqres ümumi razılığa gələ bilib. Belə razılıq Senatdakı Respublikaçıların lideri Mitç Makkonnelin bir neçə partiya üzvünü filibaster proseduru (saysız hesabsız düzəlişlər təklif etməklə qanun layihəsinin qəbuluna mane olmaq və ya onun qəbulunu uzatmaq – red.) ilə demokratların təşəbbüsün qarşısını almamağa inandırması sayəsində əldə olunub. 

ABŞ prezidenti Co Bayden Ağ Evin yaydığı bəyanatda "bu qanun layihəsi respublikaçılar və demokratların Amerika xalqına fayda gətirmək üçün bir araya gələ biləcəyinə daha bir sübutdur və mən gələn ildə ikipartiyalı tərəqqinin davamını gözləyirəm", - deyib.

Bununla belə, Baydenin "ikipartiyalı tərəqqi” ilə bağlı ümidlərinin özünü doğrultması ehtimalı azdır. Əksinə, bu qanun layihəsinin qəbulu və Mitç Makkonelin barışdırıcı mövqeyi gələcəkdə respublikaçılarla demokratlar arasında qarşıdurmanı gücləndirməklə yanaşı, Respublikaçılar Partiyası daxilində də mübarizəni daha da şiddətləndirəcək. Artıq aşağı palatada onlarla respublikaçı bu qanun layihəsini dəstəkləyən bütün senatorlara və Nümayəndələr Palatasının üzvlərinə qarşı əsl vendetta elan ediblər.
 

Burada qeyd etmək yerinə düşər ki, Respublikaçılar Partiyasında münaqişə çoxdan yetişib. Və ABŞ Konqresinin aşağı və yuxarı palatalarında mühafizəkarlar arasında fikir ayrılıqları yeni deyil. Bu, xüsusilə Senatdakı Respublikaçı lider Mitç Makkonnel və Nümayəndələr Palatasında Kevin Makkarti arasında müntəzəm çəkişmələrdə özünü büruzə verir. Sonuncular ən çox Donald Trampın ideyalarının daşıyıcıları kimi çıxış edirlər, Makkonnel isə keçmiş prezidentlə münasibətini çoxdan kəsib və onu mütəmadi olaraq tənqid edir. Bu yaxınlarda o, faktiki olaraq Nümayəndələr Palatasının xüsusi komitəsinin Kapitoliyə hücumla bağlı çıxardığı nəticələrlə razılaşaraq, baş verənlərə görə eks-prezidenti günahlandırıb. 

Yeri gəlmişkən, indi aydın olur ki, əsasən partiyadaxili ziddiyyətlər ucbatından respublikaçılar noyabrın 8-də keçirilən aralıq seçkilərdə Konqresin hər iki palatasına nəzarəti ələ keçirə bilməyiblər. Belə ki, Mitç Makkonnel, Donald Trampın təklif etdiyi bir sıra namizədlərin kifayət qədər bacarıqlarının olmadığını əsas gətirərək onları dəstəkləməkdən imtina edib. Bu, xüsusilə, Demokrat Partiyası ilə müqayisədə onların seçki kampaniyalarının daha az maliyyələşməsinə səbəb olub. Nəticədə Senata Donald Trampın dəstəklədiyi namizədlərin yalnız 68%-i yer qazanıb. Və daha sonra keçmiş prezident və Respublikaçıların Senatdakı lideri partiyalarının məğlubiyyətində bir-birini ittiham ediblər. 

Kevin Makkarti, əksinə, həmişə Donald Trampla eyni dalğada olub və Nümayəndələr Palatasına seçki kampaniyası respublikaçılar üçün daha uğurlu olub – Donald Trampın dəstəklədiyi namizədlərin 93%-i konqresmen olub. Respublikaçılar Konqresin aşağı palatasındakı 435 yerdən 222-ni qazanaraq orada çoxluq təşkil ediblər.

ABŞ-ın 2022/23 maliyyə ili üçün büdcəsinin Konqres tərəfindən təsdiqlənməsi zamanı Kevin Makkarti və Mitç Makkonnel arasındakı fikir ayrılıqları kəskin şəkildə artıb. Yeni büdcəyə əsasən, dövlət xərcləri 10% artırılıb, bir çox respublikaçılar isə büdcənin azaldılmasına ehtiyac olduğunu israr edirlər. Xatırladaq ki, büdcəyə Ukraynanın 45 milyard dollarlıq maliyyələşdirilməsi haqqında qanun layihəsi də daxil edilib ki, bu da Ağ Evin tələb etdiyindən 7 milyard dollar çoxdur.

Yuxarı palatada Mitç Makkonnel demokratlarla razılaşmada olduğu bir vaxtda FoxNews-da Makkarti bu danışıqları "səhv” adlandırıb, çünki onlar respublikaçıların büdcə xərclərini azaltmaq kimi ümumi məqsədinə cavab vermir. O, həmçinin Senatdakı həmkarının niyə daha balanslaşdırılmış qanun layihəsini irəli sürə bilməsi üçün aşağı palatada respublikaçı çoxluğun yanvarda işə başlamasını gözləmək istəmədiyi ilə maraqlanıb.

Buna baxmayaraq, ötən çərşənbə axşamı Senatın azlıq rəhbəri mətbuata danışıb və demokratlarla razılaşmanın başa çatdığını söyləyib. Makkonnel bildirib ki, bunu respublikaçıların əksəriyyəti dəstəkləyib. Onun fikrincə, onların hamısı "Pentaqonun Rusiya və Çindən gələn əsas təhlükələrin öhdəsindən gələ bilməsi” üçün ölkənin real ehtiyaclarını başa düşür. Onun sözlərinə görə, bu, həm də "ukraynalılara qələbələrində kömək etməkdən" ibarətdir.

Lakin partiya üzvlərini əsl şok vəziyyətə salan Makkonelin "bu qanun layihəsinin köməyi ilə Demokrat Prezident, Demokrat Nümayəndələr Palatası və Demokrat Senatla birlikdə əldə edə bildiyimiz nailiyyətlərlə fəxr etdiyini” deməsi olub. 

Əslində, Makkonnelin respublikaçıların "əksəriyyətinin" qanun layihəsini dəstəklədiyinə dair iddiası o qədər də həqiqəti əks etdirmir. Belə ki, Nümayəndələr Palatasında onun razılaşdığı qanun layihəsinə cəmi 9 respublikaçı səs verib, onların əksəriyyəti Konqresi tərk edir və onun yeni tərkibində təmsil olunmayacaqlar. Eyni zamanda 200 Respublikaçı konqresmen buna qarşı çıxıb. Cümə axşamı Senatda yalnız 18 respublikaçı öz liderinin tərəfini tutub, 29-u isə layihənin əleyhinə səs verib, baxmayaraq ki, respublikaçıların irəli sürdüyü bəzi düzəlişlər səsə qoyularaq qəbul edilib. 
 

Bu qanun layihəsinin ən fəal əleyhdarlarından biri, respublikaçı senator Rend Pol onun qəbul edilməsinə qarşı sona qədər mübarizə aparıb. O, məhz başqa dövlətlərin ABŞ-ın təhlükəsizliyinə əsas təhdid hesab edən partiyasının lideri ilə razılaşmadığını bildirib. Qanunvericinin fikrincə, əsas təhlükə ölkə iqtisadiyyatına borc yükünün artmasıdır. Və bu qanun layihəsi ABŞ-ın xarici borcunun daha 1,1 trilyon dollar artmasına səbəb olacaq. O, ölkənin "iflas" qanun layihəsini dəstəkləyən həmkarlarını "səlahiyyətlərini aşmaqda" ittiham edib.

Bu arada Kevin Makkarti aşağı palatadakı həmkarları ilə birlikdə büdcənin Senatdan keçməsinin qarşısını almaq üçün hər şeyi edib. Əvvəlcə 13 Respublikaçı konqresmendən ibarət bir qrup (sonradan say 31-ə qədər artıb) Senatdakı həmkarlarına büdcəni dəstəkləyən respublikaçı senatorların istənilən qanun layihəsini bloklayacaqları barədə xəbərdarlıq göndərib. Makkarti onları dəstəkləyib və bildirib ki, büdcənin dəstəkləyən respublikaçı senatorlarının qanun layihələri "Palataya gəldikdən sonra öləcək”.

Digər konqresmen Den Bişop isə öz Twitter səhifəsində qanunu dəstəkləyən bütün partiya üzvlərinin adlarını yerləşdirib. O, sosial şəbəkədə qanun layihəsinə qarşı seçicilər arasında təbliğat da aparıb. Onlar üçün o və komandası qanun layihəsinin 4155 səhifəsinin hamısını gözdən keçirib və xüsusilə şübhəli görünən bəzi büdcə maddələrini ictimaiyyətin nəzərinə çatdırıb. Məsələn, konqresmen müəyyən edib ki, İordaniya, Misir, Tunis və Oman sərhədlərinin təhlükəsizliyinin qorunmasına 410 milyon dollar xərclənəcək. Və bu, ABŞ-ın öz cənub sərhədində böhran yaşadığı bir vaxtda olduğundan qanunverici çaşqınlıq yaşadığını bildirib. Büdcədə digər qəribə xərc maddələri də tapılıb.

Məsələn, Mişel Obama adına yolun tikintisi üçün 3,6 milyon dollar və ya "arılar üçün əlverişli magistal yolları” üçün 3 milyon dollar.

"The Hill” qeyd edir ki, qalmaqalın diqqət mərkəzində Ukraynaya yardım da olub. Xatırladaq ki, Kevin Makkarti dəfələrlə bəyan edib ki, o, artıq Ukraynaya "boş çek” yazmaq fikrində deyil, lakin Mitç Makkonnel, əksinə, şəxsən Ukrayna prezidenti Volodimir Zelenskiyə Kiyevə yardım məsələsinin siyasiləşdirilməyəcəyinə söz verib. Bu baxımdan, bir çox mühafizəkarlar qanun layihəsinin qəbulunda tələskənliyi məhz Kiyevə yardımın tez bir zamanda razılaşdırılmasının zəruriliyi ilə əlaqələndirirlər.
 

Qeyd edək ki, "The Hill”in sorğusuna əsasən, Nümayəndələr Palatasında olan 213 respublikaçıdan yalnız 86-sı Volodimir Zelenskinin çərşənbə gecəsi Konqresdəki çıxışına qatılıb.

Nəşrin yazdığına görə, Nümayəndələr Palatasının respublikaçıları bütövlükdə "Ukrayna prezidentinin müraciətinə qeyri-müəyyən reaksiya veriblər” ki, bu da "ölkəsinin ABŞ-dan gələcək yardım almaq üçün üzləşməli olacağı daha çətin yoldan xəbər verir".

Nəşrin yazdığına görə, çıxışa gələn bəzi respublikaçılar Ukrayna liderinin çıxışına heyran olduqlarını bildirsələr də, onların bir çox partiya üzvlərinin bu barədə müsbət fikirləri yoxdur. Belə ki, Ohayodan olan konqresmen Uorren Devidson deyib ki, onun fikrincə, Volodimir Zelenski Nümayəndələr Palatasında danışmamalı idi. "Biz müharibənin yayılmasına deyil, onun qarşısını almağa diqqət yetirməliyik. Bu da (Konqresdəki çıxış. – red.) hərbi əməliyyatların genişlənməsi ilə razılaşdığımız siqnalını verir. Düşünürəm ki, biz fərqli bir mesaj göndərməliyik”, - o, "The Hill”ə müsahibəsində deyib.

İstənilən halda, Respublika Partiyasında parçalanma olduqca açıq görünür və yəqin ki, zaman keçdikcə daha da dərinləşəcək. Lakin bir çox ekspertlər hesab edir ki, bu problem birdən-birə yaranmayıb, çoxdan formalaşmış tendensiyanın bir hissəsidir. RollCall nəşri yazır ki, partiyadakı sağçı mühafizəkar tendensiya on ildən çox əvvəl "Çay Partiyası” hərəkatı (The Tea Party) yarananda özünü göstərib və Donald Trampın Ağ Evə gəlişi ilə daha da güclənib. Sağ mühafizəkarlar bizneslə o qədər də sıx əlaqədə deyillər və Konqresdəki ənənəvi Respublikaçılarla getdikcə daha çox ziddiyyət təşkil edirlər. Respublikaçıların yeni dalğası "daha populist, daha az korporativ mövqe tuturlar". İki düşərgə arasındakı fərqlərdən biri də Rusiyaya münasibətdir. Bir vaxtlar respublikaçılar böyük ölçüdə ona qarşı birləşmişlər, indi "Ronald Reyqan öz məzarında fırlanır, belə ki, Amerikanın Rusiyaya qarşı durmamalı olduğuna inanan respublikaçılar var”, - RollCall Texasın keçmiş respublikaçı konqresmen Uill Herddən sitat gətirir.

Mənbə: "Kommersant"

Tərcümə: Nizami Bağırov
Qaynarinfo

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->