Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının onuncu paketi əlavə iqtisadi tədbirləri əhatə etməyəcək, əksinə, artıq qəbul edilmiş məhdudiyyətlərdəki "boşluqları” bağlayacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” mənbələrə istinadən yazır.
Qəzetin mənbələrinin bildirdiyinə görə, yeni sanksiyalar paketinə "əlavə ediləcək çox şey qalmayıb”. Buna görə də söhbət "real paket”dən deyil, artıq qəbul edilmiş məhdudiyyətləri əlavə etməkdən gedir. Bu mexanizmin necə işləyəcəyini qəzetin mənbələri dəqiqləşdirməyib.
Onuncu sanksiyalar paketinin artıq qəbul edilmiş məhdudiyyətlərdəki boşluqları bağlayacağı faktını Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen daha əvvəl deyib. Onun sözlərinə görə, onuncu sanksiyalar paketinə 10 milyard avro məbləğində məhdudiyyətlər daxil olacaq. Onun Rusiyanın Ukraynada hərbi əməliyyatının başlamasının ildönümünə - fevralın 24-nə kimi qəbul edilməsi planlaşdırılır.
Avropa Parlamentinin deputatları fevralın 2-də qəbul etdiyi qətnamədə Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiqinə çağıraraq, "Lukoyl”, "Rosatom” kimi Rusiya şirkətlərini Avropa bazarından sıxışdırıb çıxarmağı, eləcə də bütün növ məhsulların idxalına embarqo tətbiq etməyi, Rusiyanın qalıq yanacaqları və uranından, "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərinin istifadəsindən tamamilə imtina etməyi xahiş ediblər.
Nizami Bağırov