Avropa İttifaqı diplomatiyasının rəhbəri Cosep Borrell Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi üzərində gedən işdən danışıb. Aİ xarici işlər nazirlərinin iclası başlamazdan əvvəl o, birliyə üzv ölkələr arasında sanksiyalar paketinin məzmunu ilə bağlı "müxtəlif fikirlər"in olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Kommersant Ria Novosti-yə istinadən məlumat
yayıb.
"Ümid edirəm ki, bu, bu gün, bəlkə də sabah razılaşdırılacaq, lakin mən demirəm ki, bu, asan olacaq, çünki üzv ölkələr arasında müxtəlif fikirlər var", - Borrell bildirib.
Onun sözlərinə görə, qarşıdan gələn görüş çox uzun və çətin olacaq. "Gündəmdə Rusiyaya qarşı sanksiyalar var, doqquzuncu paket, hələ də razılığa gələ bilməmişik. Biz hələ bir sıra məsələlərdə razılaşmalıyıq”, - Aİ diplomatiyasının rəhbəri izah edib.
Avropa İttifaqının xarici işlər nazirləri dekabrın 12-də keçiriləcək iclasda Rusiyaya qarşı sanksiyalardan əlavə, İrana qarşı sanksiyaları, həmçinin Ukraynaya əlavə 2 milyard avroluq (2,11 milyard dollar) silah tədarükünü müzakirə edəcəklər. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Rusiya Federasiyasına qarşı 9-cu sanksiyalar paketinə 200-ə yaxın fiziki və hüquqi şəxsin daxil ediləcəyini bildirib. Yeni məhdudiyyətlər daha üç Rusiya bankına və bir neçə Rusiya telekanalına təsir edəcək. Yeni ixrac nəzarət tədbirləri tətbiq olunacaq və bütün növ dronların əldə edilməsinə maneələr yaradılacaq.
Nizami Bağırov