Avropa İttifaqının daimi nümayəndələri sabah Rusiyaya qarşı yeni sanksiyalar paketi üzrə sazişlərin hüquqi qeydiyyatı ilə məşğul olacaqlar. Qarşıda Rusiyaya qarşı sanksiyaların 6-cı paketi gəlir. Düzdür, Avropa İttifaqına üzv ölkələr 6-cı sanksiyalar paketi barədə hələlik konsensus əldə etməyiblər. Adıçəkilən sanksiyalar Rusiyadan neft idxalına qadağa qoyulmasını nəzərdə tutur. Macarıstan hələlik növbəti sanksiyalara razılıq vermir. Görünən odur ki, Aİ bu məsələdə razılığın olması üçün ortaq mövqeyi müəyyənləşdirməli olacaq.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Fikrət Sadıxov bildirir ki, Rusiyaya yönəlik sanksiyalar artıq nəticə verməkdədir:
"Qarşıdan Rusiyaya qarşı yeni sanksiyalar paketi gəlir. Mövcud olan sanksiyalar artıq Rusiyanı dünyadan təcrid vəziyyətə salıb. İqtisadi, hərbi-texniki və enerji sahəsində tətbiq olunan sanksiyalar birmənalı şəkildə Rusiyanı zəiflədəcək. Düzdür, təbii sərvətlər baxımından Rusiya zəngin ölkədir. Amma Rusiya təbii sərvətlərini satmaqda çətinlik çəkir. Avropa Rusiyanın təbii resurslarından tam imtina edərsə, Moskva yeni bazarlar tapmalıdır ki, indiki mərhələdə bu da çətindir. Görünən odur ki, sanksiyalar öz nəticəsini verir. Rəsmi Moskva bəyan edir ki, sanksiyalar onlara təsir etmir. Amma bu, reallıqdan uzaq, daxili auditoriyaya hesablanmış fikirlərdir. Bir sıra Rusiya ekspertlərinin özləri bildirir ki, mövcud vəziyyətdən Rusiya çıxa bilməyəcək və zəifləyəcək. İlin sonuna qədər bu daha aydın hiss olunacaq. Bir neçə aydan sonra Rusiya bütün sahələr üzrə böyük zərbələrə tuş gələcək”.
Rüfət Sultan