Xəbər lenti

Rusiyaya qarşı sanksiyaların səmərəsizliyi Hindistanı yeni neft gücünə çevirib - Le Monde
Dünya11:48 09.08.2023

Rusiyaya qarşı sanksiyaların səmərəsizliyi Hindistanı yeni neft gücünə çevirib - Le Monde

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hindistan Rusiyanın istifadə etdiyi tankerlərin "kabus donanması” sayəsində Aİ-yə neft məhsullarının ixracını iki dəfə artırıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın "Le Monde” qəzetinin yeni araşdırmasında deyilir.
"Le Monde” qəzetində dərc olunan redaksiya məqaləsinə görə, Rusiya neft və qazına qarşı sanksiyalara qlobal dəstəyin olmaması Rusiyanı diz çökdürə bilmədi. 
Fransız jurnalistlərin fikrincə, dünya bir il ərzində Avropa İttifaqına neft məhsullarının tədarükünü iki dəfə artırdığı üçün Hindistanın yeni neft gücünə çevrilməsi illüziyası yaradıb. Amma araşdırma göstərdi ki, Hindistan bir çox ölkədə qadağan olunmuş bu nefti ucuz qiymətə alır, emal edir və təkrar ixrac edir. 
İqtisadi sanksiyalar Qərbin Rusiyanın Ukraynaya müdaxiləsinə cavabının əsasını təşkil etməli idi. Kiyevin müttəfiqləri Rusiya neftinin və qazının ixracını məhdudlaşdırmaqla, fiziki şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq etməkdənsə, Moskvaya daha effektiv zərbə vurmağa ümid edirdilər.
Bu gün təkcə maye qaza aid olmayan bu strategiya Rusiyanın maliyyə vəziyyətinə təsir edib. Amma onu diz çökdürmədi. Çünki məhdudiyyətlərlə bağlı qlobal konsensus yoxdur. 
Sonuncu dəfə 2015-ci ildə sanksiyalar sayəsində böyük diplomatik uğur əldə edilib. Söhbət o zaman ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Çin və Rusiyanın İranla imzaladığı nüvə sazişindən gedir. Onun sayəsində İran Qərbin sanksiyalarının tədricən ləğvi müqabilində özünün nüvə silahını yaratmaqdan imtina etdi. Amma 2018-ci ildə Donald Trampın təşəbbüsü ilə ABŞ sazişdən çıxdı. Bu faktiki olaraq İranla razılaşmalara son qoydu.
Bir çox boşluqlar olduğundan eyni şey bu gün Rusiyanın iqtisadi və sənaye fəaliyyətinin məhdudlaşdırılmasına da aiddir. "Le Monde”un araşdırması göstərib ki, Rusiya neftini gizli şəkildə daşıyan "kabus donanması” dünya nəqliyyat imkanlarının 10%-dən 20%-ə qədərini təşkil edir. Bu, əsasən çox köhnə olan 300-dən 600-ə qədər tankerdir. Bu gəmilərin bəziləri əvvəllər də sanksiyalar altında olan İran neftini daşıyıb.
Bu, rusiyalılara Qərbin öz tərəfinə keçməyə çalışdığı ölkələr, xüsusən də Hindistan vasitəsilə sanksiyalardan yan keçməyə imkan verir.
Sanksiya sistemi başqa istiqamətdə də qüsurludur. Rusiya silah istehsalı üçün elektron komponentlər ala bilir. Belə olan halda sanksiyalar siyasətlə toqquşur: ticarət blokadalarının tətbiqi Qazaxıstan kimi ölkələrə qarşı daha sərt mövqe sərgiləmək demək olardı. Amma Qərb onları Rusiyanın orbitindən qoparmağa ümid edir, ona görə də sərt addımlar atmağa cəsarət etmir.
Maraqlıdır ki, bir gün əvvəl Britaniyanın "New Statesman” jurnalı da analoji araşdırma dərc edib. Orada bildirilir ki, Baltik və Qara dəniz boyunca neft daşınması xidmətləri Yunanıstanda vergi güzəştlərindən istifadə edən özəl Yunan gəmiçilik şirkətləri tərəfindən həyata keçirilir. Bundan əlavə, bu donanmanın üçdə biri hələ də birbaşa Qərb sığorta şirkətləri tərəfindən sığortalanır. Məqalədə deyilir ki, tankerlərin qalan hissəsi London təkrarsığorta bazarı tərəfindən əhatə olunub.
O da maraqlıdır ki, "Le Monde” araşdırması və "New Statesman” məqaləsi avqustun 5-6-da Ciddədə Ukrayna sülh formuluna dair danışıqların aparıldığı görüş zamanı dərc edilib. Orada 40-a yaxın ölkədən yüksək səviyyəli rəsmilər və diplomatlar iştirak edib. Sammitdə xüsusilə Hindistan, Çin və Qlobal Cənub ölkələrinin nümayəndələri iştirak ediblər. Rusiya ora dəvət olunmayıb.
Nizami Bağırov