"Taliban” Hərəkatının döyüşçüləri Tacikistan ərazisinə 7 raket atıb. Bu barədə "RİA Novosti" Tacikistan güc strukturlarına istinadən məlumat yayıb.
Əfqanıstanın Tahor əyalətindən Tacikistanın Farhor rayonuna atəş açılıb. Atılan 7 raketdən 4-ü Pənc çayına, 3-ü meşə zolağı yaxınlığına düşüb.
Araşdırmaçılar belə hesab edirlər ki, "Talibanın” Tacikistana raket zərbəsi Rusiyaya qarşı yönəlib. Tacikistan Təhlükəsizlik Komitəsi raketlərin "Taliban” və İŞİD qruplaşması tərəfindən atıldığını təsdiq edib. Baş verən olay fonunda Tacikistan sərhədçiləri tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Hələlik insidentin hansı səbəbdən baş verdiyi barədə tərəflərdən heç biri hər hansı məlumat verməyib.
Amma bütün hallarda hazırda dünyada cərəyan edən proseslər belə düşünməyə əsas verir ki, "Taliban”ın Tacikistan istiqamətində aktivləşməsi Rusiyanın Ukraynaya hücumu ilə bağlıdır. Belə ki, Ukraynada ciddi nəticələrə nail olmayaraq qüvvələri tükənmək üzrə olan Rusiya mövcud boşluğu yeni qüvvələrlə doldurmaq istəyir. Bu qüvvələr isə Rusiya daxilində olanlarla yanaşı, bəzi qonşu ölkələrdə xidmət edən hərbçilər ola bilər.
Qeyd edək ki, Rusiyanın Ermənistandakı hərbi bazasında, habelə Azərbaycanın Qarabağ bölgəsində sülhməramlı qismində iştirak edən kontingentindən də bəzi qüvvələrin hərbi əməliyyatların ilk fazasında Ukrayna müharibəsinə cəlb edildiyi barədə məlumatlar yayılmışdı. Bu mənada Tacikistanda xidmət edən və müəyyən peşəkarlığa malik rus hərbçilərinin müəyyən hissəsinin də yaxın dövrdə Ukraynaya göndəriləcəyi istisna edilməməlidir.
Görünür, "Taliban”ın Tacikistanla sərhəddə gərginlik yaratmaqda məqsədiu də məhz Moskvanı bu avantüradan çəkindirmək olub. Bu fonda da aydındır ki, "Taliban” raket zərbələrini məhz Qərbin razılığı ilə atıb. Məqsəd Rusiyanın Ukrayna cəbhəsinə daha çox qüvvə çəlb etməsinə əngəl olmaq, onun qüvvələrini parçalamaqdır. Qərb çalışır ki, Rusiyanın diqqəti bir tək Ukraynaya deyil, təsir dairəsində olduğu başqa bölgələrə də qarışsın. Buradan da görünür ki, Moskvanın Ukraynada nəticə əldə etmək üçün daha böyük qüvvə cəlb etmək cəhdi, digər cəhbələrdə ona qarşı təpkilərin artması ilə nəticələnəcək. Burada da əsas rol "Taliban”a verilib.
Rüfət Sultan