Dünya 18:21 14.03.2023

Rusiyaya qarşı xüsusi hərbi tribunal artıq 32 dövlət tərəfindən dəstəklənir - XİN

Artıq 32 dövlət Rusiya üçün xüsusi tribunal yaratmaq üçün koalisiyaya qoşulub.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya təcavüzü cinayətinə görə xüsusi tribunal yaratmaq üçün koalisiyaya daha iki ölkə qoşulub.

"Hazırda 32 dövlət Rusiya Federasiyasının ali siyasi və hərbi rəhbərliyini məsuliyyətə cəlb etmək üçün birlikdə çalışır. Putin və onun əlaltıları məhkəmə qarşısına çıxarılacaq", - Kuleba vurğulayıb.

UNIAN-ın daha əvvəl xəbər verdiyi kimi, yanvarın 19-da Avropa Parlamenti Rusiyanın ali rəhbərliyi, xüsusən də Vladimir Putin üçün ukraynalılara qarşı cinayətlər və təcavüzə görə tribunalın yaradılması haqqında qətnaməyə səs verib.

Yanvarın 26-da Avropa Şurası Parlament Assambleyası Rusiya və Belarusun ali siyasi və hərbi rəhbərliyini Ukraynaya qarşı təcavüz cinayətinə görə məsuliyyətə cəlb etmək üçün xüsusi tribunal yaradılmasını tələb edən qətnaməni dəstəkləyib. Məhkəmənin keçiriləcəyi yer Haaqadır.

Fevralın 9-da Ukrayna prezidenti Vladimir Zelenski Avropa İttifaqına üzv dövlətlərin liderlərini Rusiya Federasiyasına qarşı tribunal və onun vurduğu zərərin ödənilməsi mexanizmini dəstəkləməyə çağırıb.

Alpər