"ABŞ dövlət katibi Entoni Blinkenin açıqlamasını ABŞ-ın Rusiyaya qarşı ərzaq və buğda ilə bağlı məsələlərdə sanksiyalarının yumşaldılması çağırışı kimi dəyərləndirmək olar”.
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Blinkenin Rusiyanın ərzaq ixracı ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.
Mehman Əliyevin sözlərinə görə, Rusiya taxıl və ərzaqla bağlı aparılan əməliyyatlarda onlara qarşı qoyulan embarqonun götürülməsini tələb edir:
"Ruslar deyir ki, əgər biz Ukrayna üçün şərait yaradırıqsa, bizim üçün də şərait yaradılmalıdr. Bu amilə görə də ABŞ adıçəkilən məsələdə güzəştə getməyə hazırdı. Uzun müddətdir ki, müzakirələr gedirdi ki, Rusiya Qara dənizdən Ukrayna "taxıl sazişi”ndən çıxdıqdan sonra taxıl neytral sulardan yox, Ukrayna və NATO-ya üzv olan Rumıniya, Bolqarıstan sularından aparılsın. Amma ruslar buna razı olmadı və açıq güc göstərdilər. Bu da onu göstərdi ki, rusların mövqeyi kifayət qədər sərtdi. Ancaq güzəşt yolu ilə nəsə əldə etmək mümkündür. ABŞ hökuməti də buna görə vəziyyəti nisbətən yumşaltmaq niyyətindədir”.
"Bu sanksiyaların yumşaldılması digər məsələlərə də təsir edə bilərmi” sualına Mehman Əliyev cavab olaraq bildirib ki, sanksiyaların yumşaldılması yalnız taxıl və ərzaq məsələləri ilə bağlı ola bilər:
"Rusiyanın da şərti elə budur. Ona görə də ABŞ bu məsələdə güzəştə getməyə hazırdı. Başqa məsələlərlə bağlı inanmıram ki, möcüzə baş versin. Vəziyyət kifayət qədər qəlizdir. İstər Rusiyanın özü, istərsə də ABŞ "Ukrayna müharibəsi”nin davam etməsində maraqlıdır”.
Qeyd edək ki, ABŞ Dövlət katibi Toni Blinken bildirib ki, əgər Moskva Qara dəniz limanları vasitəsilə "taxıl sazişi”nə qayıdarsa, ABŞ Rusiyanın ərzaq ixracını asanlaşdırmağa hazırdır.
Günay