Xəbər lenti

Ruslar Ukraynada hərbi hissəni ələ keçirdi: jurnalist və hərbçi yaralandı
Dünya05:47 23.03.2014

Ruslar Ukraynada hərbi hissəni ələ keçirdi: jurnalist və hərbçi yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya ordusu Ukraynanın Belbek şəhərində hərbi hissəni ələ keçirib.

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Krım üzrə media mərkəzinin rəhbəri Vladislav Seleznev bildirib.
 
Qeyd edək ki, Rusiya ordusu bundan əvvəl ukraynalı hərbçilərə ultimatum verərək, bir saat ərzində təslim olmalarını tələb ediblər: “Hücum dünən saat 17:00-da (Bakı vaxtı ilə 19.00-da) başlayıb. Hücum zamanı Krım özünümüdafiə dəstəsinin nümayəndələri hərbi hissənin ərazisinə daxil olublar. Hərbi hissənin darvazaları “BTR”lə uçurulub. Mənbələr hücum zamanı atəş açıldığını bildirirlər, bundan başqa, əməliyyata azı 6 ədəd “BTR 80” cəlb olunub. Xəsarət alanlar barədə məlumatlar yoxlanılır”.

Rusiya ordusu və Krımın “özünümüdafiə qüvvələri” Ukraynaya məxsus “Slavutiç” hərbi gəmisini də ələ keçiriblər.
APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Krım üzrə media mərkəzinin rəhbəri Vladislav Seleznev bildirib.
 
Məlumata görə, gəminin üzərində Rusiya bayrağı qaldırılıb.
 
Seleznev Sevastopoldakı mənbələrə istinadən bildirib ki, hücum iki saat davam edib.
 
“Heyət üzvləri arasında xəsarət alan yoxdur. Gəminin şəxsi heyəti sahilə enib”, - deyə o bildirib.
 
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri tərkibində “Slavutiç” idarəetmə gəmisi olub, yəni komandanlıq tərəfindən flaqman gəmisi kimi istifadə olunub.
 
Bu arada o da vurğulanır ki, Belbekdə yerləşən Ukrayna Silahlı Qüvvələrinin Aleksandr Pokrışkin adına 204-cü taktiki aviasiya briqadasının ərazisinə həyata keçirilmiş hücum zamanı KİV əməkdaşı və Ukrayna hərbçisi yaralanıb.

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
 
“Rusiya xüsusi təyinatlıları, ənənəvi olaraq, Ukrayna hərbçilərinə ultimatum irəli sürüb, sonra isə silah və işıq-səs qumbaralarından istifadə edərək, hərbi texnikanın köməyi ilə darvazanı uçurub hərbi hissənin ərazisinə daxil olublar. Hücum zamanı mətbuat nümayəndəsi və Ukrayna hərbçisi bədən xəsarətləri alıb, yaralılar “təcili yardım” maşını ilə xəstəxanaya aparılıb”, - deyə açıqlamada bildirilib.
 
Nəticədə, Ukrayna hərbçiləri silahı hərbi hissədəki silah və döyüş sursatı saxlanılan otağa təhvil verərək Ukrayna dövlət himninin sədaları altında hərbi hissəni tərk etməyə məcbur olublar.

Qaynar.info