Xəbər lenti

Rusların “beynəlmiləl borcu”…
Hüseynbala Səlimov
Siyasət06:32 19.05.2021

Rusların “beynəlmiləl borcu”…

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüseynbala Səlimov
Sovetin vaxtlarında rəsmi siyasətə və ya ideologiyaya bəraət qazandırmaq üçün Sovet İttifaqının ideoloq və təlimatçıları hansı sözləri, fikirləri və ideoloji ştampları fikirləşib tapmırdılar!
Bunlardan biri də "beynəlmiləl borc” ifadəsi idi. Onu sovetlər hələ ilk illərdə tətbiq etməyə başlamış və Sovet İttifaqını keçmiş çar Rusiyasının hüdudlarında bərpa etməyə start vermişdilər. Bundan sonra əvvəlcə İspaniya, daha sonra isə Finlandiya və Monqolustan olmuşdu...
Mən şəxsən şüurlu çəkildə SSRİ-nin son iki on illiyini xatırlayıram. Amma hətta onda da "beynəlmiləl borcsuz” keçinmək mümkün olmamış və əvvəlcə Vyetnam, daha sonra isə qanlı Əfqanıstan olmuşdu, harada ki, Sovet İttifaqının cavan oğulları həlak olmuşdu.
Bəs niyə bu detalı xatırladıq? Məlum olduğu kimi, bu günlərdə azad edilmiş Şuşada "Xarıbülbül festivalı” keçirildi. Bu bayram bir çox cəhətdən çox əlamətdar idi. Birincisi, biz bir daha anladıq: yetər ki, bir şeyi çox istəyəsən, onda o, mütləq baş verəcək. Əlbəttə, bu illər ərzində özünü ağıllı göstərərək Qarabağı heç vaxt qaytarmayacağımızı deyənlər də, yazanlar da olmuşdu. Amma mütləq əksəriyyət deyirdi ki, biz Qarabağı mütləq qaytaracaq və o torpaqlara qayıdacağıq və bu oldu! 
İkincisi, hamıya aydın oldu ki, hər bir xalqın coğrafi arealı hansısa təsadüfi ərazi deyil, o Vətəndir və o, illər boyu bu xalqın ən yaxşı oğul və qızlarının qanı bahasına Vətən olub. Burada "gəldin, zəbt elədin və oturdun!” kimi nömrələr keçməz...
Amma Xarıbülbül festivalına baxarkən bir fikir məni rahat buraxmırdı – axı biz bütün Qarabağı, Xankənndini də azad edər və Qarabağ problemi adlı otuz illik oyunun nöqtəsini qoya bilərdik. Amma bizə yenə də Kreml mane oldu və indi də mane olur - özünün "beynəlmiləl borcu” ilə!
Bizim torpaqlarımıza yenə də rus əsgərləri ayaq basdı – yeni adla, amma köhnə məzmunla. Onlar bura gəldilər ki, guya növbəti dəfə "beynəlmiləl borclarını” yetirsinlər, guya "Qarabağ xalqı”nı qorusunlar!
İnanın, mən Qarabağ hərbi-siyasi teatrındakı son sülh proseslərinin əleyhinə deyiləm. Yox, çox iş görülüb və indi də görülür ki, noyabr və yanvar razılaşmalarının tələbləri yerinə yetirilsin. Əlbəttə, elə məqamlar var ki, onlar ən sərt tənqidə layiqdilər, amma böyük hesabla Moskva da sülh və əməkdaşlıq hüdudlarındadır.
Bilirsiniz, bu, çox maraqlı bir məqamdır. Xatırlayırıq ki, bir tədbir zamanı bir almana Almaniyanın yeni Avropadakı missiyasından deyəndə o dərhal etiraz etdi ki, onun ölkəsinin heç bir missiyası-filanı yoxdur, çünki bu söz totalitarizm qoxuyur, ona görə ki, məhz totalitarizmdə missiyadan, milli ideyadan və sosial səfərbərlikdən çox danışırlar.
Rusiyada isə daim əksinə olub. Rus fəlsəfəsi, əlbəttə ki, ilk növbədə rus ədəbiyyatıdır və ən böyük rus filosofları F.Dostoyevski və L.Tolstoy olub. Amma Rusiyada klassik mənada da filosoflar olub. Bunlardan ən çox yadımda qalan N.Berdyayev olub. Amma onun bütün yaradıcılığından bir xətt keçir: guya Rusiyanın xüsusi missyası var, guya o başqa xalqlara azadlıq və tərəqqi məşəli çatdırmalıdır.
Bizim Azərbaycan da iki yüz il çar Rusiyasının tərkibində olub. Demək olmaz ki, bu illər əbəs keçib, yox, biz ruslardan çox şey öyrənmişik. Amma biz Rusiya ilə eyni taleyi də bölüşmüşük: iki yüz ilə ərzində bilməmişik ki, əsl azadlıq nədir...
Bəli, demək olar ki, bu illər ərzində daim başqa xalqları "azad etmək” yanğısı ilə yaşamışıq və qəti olaraq bilməmişik ki, axı onları kimdən və necə azad etmək istəyirik – həmişə yalnız onu demişik ki, guya bu bizim "beynəlmiləl borc”umuzdur...