Gürcü əsilli "oğru” Doçiya Qalski (Nukri Qalski) Ukraynadan deportasiya edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi məlumat yayıb. Bildirilir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası "Nukri Qalski"yə xüsusi sanksiya tətbiq edib. Buna baxmayaraq, "oğru” Ukraynaya gəlib. Ona görə də bu dəfə ömürlük deportasiya edilib.
"Nukri Qalski" bir neçə gün əvvəl Kiyevə gəlibmiş. Onun deporatisya edilməsinin səbəbləri arasında Ukrayna-Rusiya münasibətlərindəki gərginliyi göstərənlər də var. Qalski gürcü əsilli olsa da, bu və ya digər formada Rusiyaya bağlı şəxs hesab edilir. Bu baxımdan, onun beə bir vaxtda Kiyevə gəlişi Ukrayna hüquq-mühafizə orqanlarında narahatlıq doğurmaya bilməz.
"Nukri Qalski" bundan əvvəl də Ukraynaya gəlib və ölkədən çıxarılıb.
Qalski 2013-cü ildə Türkiyənin İstanbul şəhərində keçirilən "sxodka”da "oğru” titulu alıb. "Sxodka” 2013-cü ilin yanvarında qətlə yetirilən yezid əsilli "oğru” Aslan Usoyanın (Ded Xasan) klanı tərəfindən təşkil olunub. Ona görə də Qalski "Ded Xasan"ın klanına yaxın "oğru”lardan hesab edilir. Təsadüfi deyil ki, o, 2013-cü ildə bu klana rəqib olan, 2016-cı ildə Türkiyədə qətlə yetirilən azərbaycanlı "oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) kriminal aləmin ali titulundan məhrum edilməsi barədə "proqon” verib.
"Nukri Qalski" həm də 2020-ci ildə Türkiyədə qətlə yetirilən azərbaycanlı "oğru” Nadir Səlifovun (Lotu Quli) adamlarını cəzalandırmaqla yadda qalıb. Bu hadisə 2014-cü ildə Rusiyanın "Matrosskaya Tişina” istintaq təcridxanasında baş verib. Həmin vaxt Qalski narkotik ittihamı ilə həbsdə olub.
Həbsxanada "Lotu Quli"nin adamları ilə azərbaycanlı avtoritet Zaur Əliyev (Zayka) arasında dava baş verib. "Lotu Quli"nin adamları onu döyüblər. Davaya səbəb isə Zaur Əliyevin telefonda "Lotu Quli"ni təhqir etməsi iddiası olub. Olaya "Matrosskaya Tişina” həbsxanasının "vəziyyətinə” baxan Qalski müdaxilə edib və "Lotu Quli"nin adamlarını cəzalandırıb. Bildirilir ki, Qalskinin cəzası kifayət qədər amansız olub.
Bu hadisədən sonra "Lotu Quli" ilə onun münasibətlərində hər hansı dəyişikliyin olub-olmadığı barədə məlumat yoxdur.
Seyid
Şərhlər