“Ded Xasan” qohumu olan yezidi-kürd “Miron” “Xurma” restoranında saxlanıb
Aslan Usoyanın (“Ded Xasan”) bu ilin yanvar ayının 16-da Moskvada öldürülməsindən sonra Rusiya kriminal aləmində mövqeləri xeyli zəifləyən yezidi-kürd klanı daha bir ciddi problemlə üzləşib.
Qaynar.info-nun Musavat.com-a istinadən verdiyi xəbərə görə, klanın ideoloji varisi hesab olunan, “Ded Xasan”ın yaxın qohumu(bəzi mənbələrdə o, Aslan Usoyanın qardaşı və ya bacısı oğlu kimi göstərilir-O.) “Mirion” ləqəbli Dmitri Çanturiyanı Rusiya polisi saxlayıb. Məlumatlara görə, Sadovaya-Samoteçnaya küçəsindəki “Xurma” restoranında polisin diqqətini cəlb edən 32 yaşlı “qanuni oğru”nun üzərində heç bir sənəd olmayıb və onu Petrovka-38-ə aparıblar. Onun sonrakı taleyi barədə dəqiq məlumat verilmir.
1981-ci ildə Gürcüstanda anadan olan Dmitri Çanturiya 2000-ci ildə “qanuni oğru” “tacını” alıb. “Miron” qohumu “Ded Xasan”ın sayəsində kriminal aləmin ən gənc və nüfuzlu adamlarından birinə çevrilib. “Ded Xasan” ona kastasında hədsiz səlahiyyətlər verib və onu özünün varisi elan edib.
Onun “Ded Xasan” ın qan qohumu olub-olmaması barədə ziddiyyətli məlumatlar var. Çanturiyanın anası kürddür, atası isə meqreldir.
“Miron”un kriminal aləmdə yüksəliş 2004-cü ildə başlayıb. Bu ildə o,Yaroslavla nəzarət üçün (“smotryayuşiy”) təyin edilib. Bu ərəfədə qohumu Yuri Usoyanla polis tərəfindən saxlanılıb və hər ikisinin üzərində narkotik tapılıb. 2005-ci ildə isə ona qarşı saxta sənəd düzəltmək maddəsi ilə cinayət işi açılıb. Axtarışa da verilib, lakin maraqlıdır ki, həbsxanaya düşməyib.
2010-cu il “Ded Xasan”a ilk sui-qəsd edildikdən sonra, o, təcili olaraq “Miron”u Moskva ətrafına gətirdib və kriminal aləmin “sirlərini” ona öyrətməyə başlayıb. Əməliyyatçıların iddiasına görə, Çanturiya klana tabe olan biznesmenlərlə və başqa nüfuzlu avtoritetlərlə əlaqələrə cavabdeh olub. Məlumatlara görə, “Miron” hər hansı fikir ayrılığını konflikt səviyyəsinə qalxmadan sülh yolu ilə həll etməyi daha üstün tutur. “Miron” demək olar ki, daima qrup halında cangüdənlərin əhatəsində olur. Açıq etiraf edilməsə də, onun indiyədək dustaq olmaması “oğru qanunları” nda təcrübəsizlik kimi qiymətləndirilir. Məhz bu təcrübəsizliyi “Ded Xasan”ın taxtına və varidatına şəriksiz sahib olmasını əngəlləyib.
Onun “Ded Xasan”ın tabutu önündə qatilləri tapıb cəzalandıracağı barədə vədinə baxmayaraq, nə vədinə əməl edə bilib, nə klana tam nəzarət. Doğrudur, o, hazırda da “Ded Xasan”ın ölümündən sonra əsasən, yezidi-kürdlərdən ibarət kastada söz sahibidir və qərarların qəbul edilməsində həlledici səsi var. Amma “Miron”a olan ümidlər hələ ki reallaşmır.
“Ded Xasan”ın qətlindən bir müddət sonra onun qətlində günahlandırılan azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin(“Lənkəranski”) aradan götürən şəxsə 5 milyon dollar mükafat vəd edilən “sxodka” da Timur Mirzoyev (“Timur Sverdlovskiy”), Vasili Xristoforov (“Vasya Voskres”), Qadi Kaloyan (“Onik”), Valeri Farizov (“Kürd Valera”) ilə bərabər “Miron” da iştirak etmişdi. Onlar “Rövşən Lənkəranski”nin öldürülməsi üçün “büdcədən” 5 milyon dollar ayırmağı qərara almışdılar. Bu “sxodka”dan sonra “Lənkəranski”nin guya İstanbulda güllələnməsi və öldüyü xəbəri yayılmışdı. Amma sonradan xəbərin yalan olduğu üzə çıxdı və “Ded Xasan” kastası “mükafatı” vermədi.
Qeyd edək ki, iyulun 18-də Yekaterinburqun hüquq-mühafizə orqanlarının əməkdaşları kafelərdən birində keçirilən “sxodka”da “Ded Xasan”ın daha bir qohumu, kriminal aləmdə “Timur Sverdlovskiy kimi taninan Timur Mirzoyev həbs edilib. Onun Yekaterinburqa məlum “sxodka”da iştirak üçün getdiyi bildirilir.
Timur Mirzoyevlə bərabər Solama, Levan Akoyev, Nəsimi Qazıməhəmmədov, Yuri Şavilov, Uyxam Aosmanov, Zurab Tevtividze, Şalva Akoyev adlı “qanuni oğru”lar da saxlanılıb.
Milliyyətcə yezidi kürd olan Temur Mirzoyev 1962-cı ildə Tiflisdə anadan olub və “Ded” in yaxın qohumudur. O 15 ildən çox məhkum həyatı yaşayıb. 1992-ci ildə vərəmli xəstələr üçün Nijni Tagel həbsxanasından azad olunandan sonra o, “Ded” in Uralda səlahiyyətli nümayəndəsi təyin edilib. Amma bir müddət sonra Uralda “Ded” in klanı parçalanır. Nəticədə klanın bu regionda gəlirlərinə nəzarət edən “Trof” ləqəbli Andrey Trofimov və “Karo” ləqəbli Koroğlu Məmmədovun səlahiyyətləri də, “oğru” adı da alınır. Bundan sonra Temur Mirzoyev Uralda əsas söz sahibinə çevrilib və “Sverdlovsk” ləqəbi alıb.
Qaynar.info