Dünya 17:14 14.12.2022

Saakaşvili aclıq aksiyasına başladı

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Gürcüstan Ədliyyə Nazirliyinin penitensiar xidməti ona videobağlantı vasitəsilə məhkəmə iclasında iştirak etməyə imkan vermədiyi üçün aclıq aksiyasına başlayıb. 

Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bu barədə onun vəkili Şalva Xaçapuridze məlumat verib.

"Bu gün Tiflis Şəhər Məhkəməsində baş verənlər, Saakaşvilinin məhkəmə prosesində videobağlantı vasitəsilə iştirakına icazə verilməməsi tamamilə qəbuledilməzdir. Bu, hətta Stalin məhkəməsində də edilməyib. Mixail Saakaşvili buna etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb”, – vəkil bildirib.
"Bu gün mənim məhkəməmdə iştirak etmək üçün ən elementar hüquqdan məhrum edildim. Bu, bütün gürcü və beynəlxalq hüquqların pozulmasıdır. Ona görə də etirazın ifrat formasına - aclıq aksiyasına əl atmağa məcburam. Təbii ki, mən hazırkı səhhətimi nəzərə alaraq bütün risklərdən xəbərdaram, lakin heç olmasa video bağlantı vasitəsilə məhkəməyə qoşulmaq üçün möhkəm zəmanət alana qədər aclığı dayandırmayacağam. İstehza və alçaldılmanın da bir həddi var”, - Saakaşvili məktubunda yazır.

Bu iş üzrə məhkəmə prosesi Tiflis Şəhər Məhkəməsində keçirilir.

Alpər