
Türkiyədə səfərdəykən körpücük sümüyünü sındıran Gürcüstan prezidenti Mixail Saakaşvili ikinci dəfə əməliyyat olunacaq.
Xəbəri Gürcüstan mətbuatına istinadən "İnterfaks" agentliyi yayıb. Agentliyin xəbərinə görə, prezidentin körpücük sümüyü üç yerdən qırılıb.
Gürcüstanın Prezident Administrasiyası Türkiyədə işgüzar səfərdə olan Saakaşvilinin velosiped gəzintisi zamanı travma aldığını bildirib. Hadisənin necə baş verdiyinə dair təfərrüat açıqlanmayıb. Administrasiya Saakaşvilinin dünənə planlaşdırılan görüşlərinin bu gün baş tutacağını açıqlayıb.
Mətbuatda isə Saakaşvilinin düşdüyü qəzayla bağlı ziddiyyətli xəbərlər yer alıb. Əvvəlcə prezidentin velosipeddən yıxılaraq qolunu sındırdığı bildirilib. Daha sonra isə Saakaşvilinin Antalyada velosipedlə avtomobil yoluna çıxdığı və yük maşınıyla toqquşduğu xəbər verilib.
Qaynar.info