Dünya 21:12 01.02.2023

Saakaşvili ürəyini Ukraynada dəfn etməyi vəsiyyət etdi -  Zelenskidən ağır ittihamlar

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili bu gün Tiflis şəhər məhkəməsinin iclasına onlayn qoşulub. Burada üçüncü aydır ki, vəkillərin cəzanın təxirə salınması və Saakaşvilinin səhhətinə görə azadlığa buraxılması ilə bağlı vəsatətinə baxılır. 

Qaynarinfo "Kommersant”a istinadən xəbər verir ki, Saakaşvili iclasda işi ilə bağlı çıxış edib və o, müalicəyə ehtiyacı olduğunu təkrarlayıb. Həmçinin Moskva ilə müharibədə ona Kiyevin qələbəsini görmək nəsib olmasa, ürəyini Ukraynada dəfn etməyi xahiş edib.

 "Əgər mənə çox yaxında olan Ukraynanın qələbəsini görmək nəsib olmasa, ürəyim Kiyevdə dəfn edilməlidir, çünki o, Ukraynaya məxsusdur”, deyə Gürcüstanın üçüncü prezidenti 
ötən ilin may ayından psixi və endokrinoloji xəstəliklərdən müalicə aldığı Vivamedi klinikasından canlı yayımda bildirib. 

O, çıxışını Ukrayna dilində edib, eyni zamanda Ukraynanın qələbəsinə heç bir şübhəsi olmadığını və "prezident Zelenski ilə fəxr etdiyini” vurğulayıb.

Tiflis məhkəməsi tərəfindən 6 il müddətinə azadlıqdan məhrum edilən Mixail Saakaşvilinin sözlərinə görə, o, həbsdə işgəncələrə və hətta ölümcül zəhərlənməyə məruz qalıb. 
Eks-prezident qeyd edib ki,  azadlığını və sağlamlığını qurban verdikdən sonra canını da verməyə hazırdır və yalnız adekvat müalicə olunmasını istəyir.

Həbsdə olduğu bir il ərzində 60 kq arıqlayan Saakaşvili səhhətinin ağır vəziyyətini nümayiş etdirmək üçün özünü belinə qədər açaraq tamaşaçılardan üzr istəyib.

Bunun ardınca, Ukrayna prezidenti Volodimir Zelenski avstriyalı həmkarı Aleksandr Van der Bellenlə keçirdiyi mətbuat konfransında keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvilinin fotolarını nümayiş etdirib və Gürcüstan hakimiyyətini ona açıq şəkildə işgəncə verməkdə və öldürməkdə ittiham edib .

"Ukrayna vətəndaşına ictimai işgəncələr. Mən Gürcüstanın keçmiş prezidentinin niyə həbs edildiyi, bunun Gürcüstanda siyasət və demokratiya üçün hansı nəticələrinin olması sualını müzakirə etmirəm. Bu, onların daxili məsələsidir. Mən, hər gün ictimai işgəncələrə məruz qalan Ukrayna vətəndaşı Mixail Saakaşvilinin həbsindən danışıram. Düşünürəm ki, onların məqsədi onu öldürməkdir”, deyə dövlət başçısı bildirib.

Zelenskinin sözlərinə görə, Saakaşvili zəhərlənib və indi yavaş-yavaş öldürülür. O, "Gürcüstan hakimiyyəti kimin tərəfindədir?” sualını da verib.

"Onlar neytraldırlar, onlar Rusiya tərəfdarıdırlar, çünki Rusiya öz siyasətçilərinə, bu gün Gürcüstan rəhbərliyi öz siyasətçilərinə yox, Ukrayna vətəndaşlarına necə yanaşırsa, belə də yanaşır. Ona görə də bitərəfdirlər, ya Rusiya tərəfdarıdırlar, ya Ukraynaya qarşıdırlar və s. Biz neytrallıq məsələsinə böyük hörmətlə yanaşırıq, lakin belə münasibətə böyük anlaşılmazlıqla yanaşırıq”, deyə prezident vurğulayıb. 

Nizami Bağırov