Dünya 19:15 02.02.2023

Saakaşvilini öldürürlər, bəs Qərb niyə susur? - Arif Əliyevin şərhi

"Tiflis Saakaşvili məsələsindən Qərb və Rusiya ilə bəzi məsələlərdə hansısa əlavə alver predmeti kimi istifadə edir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında jurnalist, ictimai əlaqələr sahəsi üzrə mütəxəssis Arif Əliyev Gürcüstan hökumətinin keçmiş Prezident Mixail Saakaşvilini hələ də həbsdə saxlamasına və ona işgəncələr verildiyi barədə məlumatlara münasibət bildirərkən deyib:
 
"Zelenskinin Saakaşvilinin taleyilə bağlı dediklərinin onun azad edilməsinə nə dərəcədə təsirinin olub-olmayacağını demək çətindir.Amma Zelenskinin davranışı iki səbəbdən təqdirəlayiqdir. Çünki Saakaşvili həm Ukrayna vətəndaşıdır. Eyni zamanda, Saakaşvilinin müraciəti olmuşdu. Sabiq Gürcüstan Prezidentilə bağlı gürcü hökumətinin davranışı bir çox ölkələrdə təəccüb doğuran davranışdır. Onun gürcü xalqının taleyi, Gürcüstanın hazırkı vəziyyətində böyük rolu olub. Bilyimizə görə, Gürcüstan cəmiyyətinin özündə də hökumətin Saakaşviliyə bu cür davranışından narazılıq kifayət qədər güclüdür”. 
 


Həmsöhbətimiz bildirir ki, Qərbdə Saakaşviliyə münasibətdə indiki vəziyyətdə ehtiyatla davranır:
 
"İndi Qərbin diqqəti digər münaqişə və problemlərin həllinə yönəlib. Digər tərəfdən, Qərb Tiflislə arasında son zamanlar soyuqlaşan münasibətlərdə bu faktoru birbaşa səsləndirməsə də, ayrı-ayrı görüşlərdə bu məsələyə toxunub. Amma Tiflislə Qərb arasında başqa problemlər də mövcuddur. Onun nəticəsidir ki, Gürcüstanın Qərbə inteqrasiya məsələsi Ukrayna və Moldova ilə müqayisədə bir qədər arxaya atılıb. Bu fonda ola bilsin ki, Tiflis Saakaşvili məsələsindən Qərb və Rusiya ilə bəzi məsələlərdə hansısa əlavə alver predmeti kimi istifadə edir. Hazırda Tiflisin həm Rusiya, həm də Qərblə münasibətlərində yaranmış vəziyyət olduqca qarışıqdır”. 

Saakaşvili ətrafında yaranan vəziyyət digər tərəfdən, Gürcüstan hökumətinə kənardan rəhbərlik edən İvanişvilinin düşmənçilik münasibətinin göstəricisidir:
 
"Baxmayaraq ki, Saakaşvili dinc və sivil yolla seçkilə hakimiyyəti təhvil verdi. Buna baxmayaraq, sonrakı mərhələdə onun hökumətlə mübarizəsi İvanişvili ilə çox kəskin münasibətlərə səbbə oldu. Yəqin ki, bu məsələdə qisasçılıq faktorunun da rolu vardır”. 

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Avstriya Prezidenti Aleksandr van der Bellenlə keçirdiyi mətbuat konfransında Gürcüstan hakimiyyətinin Mixail Saakaşviliyə açıq şəkildə işgəncələr verdiyi və onu öldürməyə cəhd etdiyini bildirib. Zelenski Ukrayna vətəndaşına ictimai şəkildə işgəncə verildiyini deyib:
 
"Mən Gürcüstanın keçmiş prezidentinin niyə həbs edildiyini, bunun Gürcüstan siyasəti üçün hansı nəticələrə gətirib çıxara biləcəyi sualını müzakirə etmirəm. Bu, onların daxili işidir. Mən bir nəfərin həbsindən danışıram. Hər gün ictimai işgəncələrə məruz qalan Ukrayna vətəndaşı Mixail Saakaşvilinin həbsindən danışıram. Düşünürəm ki, hökumət nümayəndələrinin məqsədi onu öldürməkdir”. 

Rüfət Sultan