Dünya 18:04 19.11.2022

Saakaşvilinin bədənində civə və digər ağır metallar tapılıb

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin tibbi müayinəsi onun orqanizmində ağır metalların, o cümlədən civənin normadan artıq olduğunu göstərib. 

Qaynarinfo xəbər verir ki, bu barədə siyasətçinin anası Qiuli Alasaniya məlumat verib.

"Civə olub. Barium, tallium da var. Onların ora necə düşdüyü məlum deyil. Diaqnoza görə onlar var və bu, dərhal azadlığa buraxılmağa əsas verən zəhərlənmədir”, Qiuli Alasania jurnalistlərə bildirib. 

Alasaniya əlavə edib ki, oğlunun bədəninə ağır metalların necə daxil olduğu hələlik məlum deyil. O, Saakaşvilinin həbsdə olarkən təcrid olunduğunu xatırladıb və onun bədəninə metalların süni şəkildə daxil olmasını istisna etməyib.

2022-ci ilin may ayından Mixail Saakaşvili Tbilisidəki Vivamedi klinikasında müalicə alır, o, Penitensiar İdarənin onlarla əməkdaşı tərəfindən gecə-gündüz mühafizə olunur. Həkimlər onu bir neçə dəfə müayinə ediblər. Onların fikrincə, səhhətinin pisləşməsinin əsas səbəbi "həbsxanaya uyğunlaşmağın mümkünsüzlüyünün” yaratdığı ən dərin depressiya olub.

Noyabrın 8-də vəkil Şalva Xaçapuridze Mixail Saakaşvilinin vərəm və demensiya (şəxsiyyətin deqradasiyası) daxil olmaqla 36 xəstəliyə tutulduğunu açıqlayıb.

Xatırladaq ki, Mixal Saakaşvili 2021-ci il oktyabrın 1-də Tbilisidə həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə təqsirli bilinib və 6 il həbs cəzası kəsilib. 

Nizami Bağırov