"Qarabağ” Konfrans Liqasında mübarizəni bu mövsümlük dayandırdı. Səfərdə Belçika "Gent”inə həm oyunun əsas vaxtında, həm də penaltilər seriyasında məğlub olan Ağdam təmsilçisi artıq bütün fikirlərini Azərbaycan çempionatına yönəltməli olacaq.
"Qarabağ”ın sabiq futbolçusu Kənan Kərimov komandanın məğlubiyyəti ilə bağlı düşüncələrini bölüşüb. O, Qaynarinfo-ya açıqlamasında məğlubiyyətin səbəblərindən danışıb, çatışmazlıqları qabardıb.
"Ehtiyatlı oynayırdılar. Evdə 1:0 hesablı qələbə qazanmışdılar. İstəyirdilər ki, hesabı qoruyub saxlasın. Tam açıq futbola getmirdi. "Gent”i yaxşı analiz etmişdilər. Bilirdilər ki, evdə təhlükəli oynayırlar, hücum futboluna üstünlük verirlər. Ona görə də ehtiyatlı idilər. Hesabı saxlamaq mümkün olmadı. İkinci hissədə "Gent” daha təzyiqli oynadı və 74-cü dəqiqədə qol vurdu. Bundan sonra "Qarabağ” nə qədər irəli atılsa da, qol vura bilmədi. Fikrimcə, vaxt darlığı oldu. Komandaya yeni qoşulanlar özünü tam göstərə bilmədi. Çox güman komandaya tam uyğunlaşa bilməyiblər. Şanslardan yaxşı istifadə etmədilər. Sanki onları birinci dəfədir meydana buraxmışdılar. "Qarabağ”a uyğun olub-olmadıqlarını tam demək olmaz. Çünki Qurban müəllim hələ çempionatda da onlara çox şans vermir. Hiss edir ki, keçid dövrünü nörmal keçə bilməyiblər. Oyunun gedişatında da göründü. İnşallah gələcəkdə köməkləri dəyər”.
Kərimov "Qarabağ”ın zəif tərəfləri haqda sualı belə cavablandırıb:
"Oturuşmuş sistem var. Bir az hücum baxımından axsayırıq. Fasilədə gedən futbolçular - Ovusu ilə Kadi hücumda daha aqressiv idi. Qol imkanları yarada bilirdilər. Onların getməsi, Şahruddinin zədələnməsi psixoloji cəhətdən komandaya təsir edir. Onların yeri görünür. Şahruddin penaltilər seriyasında olsaydı, fikrimcə ən azı zərbələrdən ikisini dəf edəcəkdi. 11 metrlik zərbələrdə şans faizlə 50-nin 50-yə olur. Bakıdakı oyunda "Qarabağ” penaltidən fərqlənsəydi, əlbəttə, 2:0-lıq hesab daha yaxşı olardı. Qismətdi, nə demək olar? Komandad gərginlik də vardı, çünki 1:0 "sürüşkən” hesabdır. Yenə də uğurlar arzulayırıq”.
Səbuhi Həsənov
Şərhlər