"Bu gün biz elə bir divara dirənmişik ki, ondan o tərəfdə ölkənin dağılması başlayır”.
Qaynarinfo xəbər verir ki, bu sözləri Ermənistanın xalq artisti, aktyor Hrand Toxatyan 168TV-nin "İcmal” verilişində deyib.
"Biz ilk növbədə bir ölkəni, yəni Qarabağı itirə bilərik, növbəti isə Ermənistandır. Belə ki, öncə Ermənistanın bir hissəsindən başlayacaqlar, sonra isə davam edəcəklər düz Qarabağa qədər. Vəziyyət belədir, təəccüblənirəm ki, bu gün bizim cəmiyyətin əksəriyyəti bütün bunları bilə-bilə yenə də köhnə ilə yeni hakimiyyət mübarizəsi aparır. Biz bu gün köhnə-yenidən danışmamalıyq, bu gün biz əbədidən, ölkədən, torpaqdan, vətəndən, övladlarımızın gələcəyindən danışmalıyıq".
Hrand Toxatyanın sözlərinə görə, bu gün xalq küçələrə çıxmalıdır:
"Bu gün sakit oturmaq, sakit musiqi yazmaq, sakit rəsm çəkmək və ya sakitcə səhnəyə çıxmaq. Çoxları deyirlər ki, mən siyasətlə məşğul deyiləm. Mən də siyasətlə məşğul deyiləm, qoy bununla politoloqlar məşğul olsun, lakin bu gün biz ölkənin məsələləri ilə məşğul olmağa məcburuq. Əvvəllər ən yaxşı tribunanın səhnə olduğunu düşünürdüm. Səhnədə öz fikirlərimi və ya dostlarımın fikirlərini bildirirdim, amma gəlin baxın, bu, kifayət etdimi".
Hrand Toxatyan ölkədəki hazırkı vəziyyətdə susqun olan həmkarlarından heç nə gözləmədiyini bildirir:
"Mən demirəm ki, hamı mənimlə razılaşsın, lakin qoy küçələrə çıxsınlar və çiyin-çiyinə verib irəli gedək. Mən sadəcə belə olmasını istərdim. Bəlkə də bunun səbəblərindən biri bizdəki təhlükə hissinin bir qədər azalmasıdır”.
O, təəssüf hissi ilə qeyd edib ki, "Qarabağ Azərbaycanın tərkibində olmayacaq” ideyası xalq arasında birləşdirici ideyaya çevrilməyib:
"Bir çoxumuz üçün Qarabağ sadəcə sözlə xatırlanan bir ifadədir. Möcüzə diyarı, cənnət kimi. Qarabağdan neçə ailə köçdü, bunun qarşısını almaq üçün nə etdilər?"
Xalq artisti insanları vicdanının diktə etdiyi kimi hərəkət etməyə çağırıb:
"21-ci əsrə gəlmişik, oturub tərəqqidən yox, ölkəni qoruyub saxlamaqdan danışırıq, sadəcə ayıb olsun bizə”.