Xəbər lenti

Sağalmağa gəlsə də, 1 neçə saat sonra ölü tapıldı - Direktorla işçilər həbs edildi
Ölkə 14:46 28.08.2024

Sağalmağa gəlsə də, 1 neçə saat sonra ölü tapıldı - Direktorla işçilər həbs edildi

Abşeron rayonunun Novxanı qəsəbəsində fəaliyyət göstərən "Uğur Yolu” Reabiltasiya Mərkəzinin direktoru və iki işçisi cinayət məsuliyyətinə cəlb edilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, direktor Şamil Minyayev və işçiləri Elman Mehdiyev ilə Turxan Allahverdiyev mərkəzə məcburi müalicəyə gətirilmiş gəncin ölümünə görə ittiham olunublar.

Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Uğur yolu” narkotik və digər asılılıqlardan reabilitasiya mərkəzi kimi fəaliyyət göstərir. Mərkəzdə 12 addım proqramı ilə müalicə tətbiq olunur.

Son illərdə Bakı və Abşeronda bu cür reabilitasiya mərkəzlərinin sayı artıb. Bir müddət əvvəl elə Novxanı qəsəbəsində fəaliyyət göstərmiş başqa reabilitasiya mərkəzində xəstələrə işgəncə verilməsi və bir nəfərin ölümü ilə nəticələnən hadisə baş vermişdi. Həmin mərkəzin direktoru və əməkdaşlarına 8 ilə kimi həbs cəzası verilib. 

Bu ittihamın mahiyyətinə gəlincə…

Ötən il reabilitasiya mərkəzində özünü hovuza atan gəncin ölməsi ilə bağlı məlumat vermişdik. İstintaqla müəyyən olunub ki, hovuzdan çıxarıldıqdan sonra vəfat edən 27 yaşlı Roma Fataxov elə həmin gün məcburi reabilitasiyaya cəlb edilibmiş. İstintaq materiallarında yazır ki, Romanın yaxınları mərkəzə müraciət edərək onun məcburi müalicəyə cəlb edilməsini istəyiblər. Roma özü isə ailəsindən ayrı evdə yaşadığı üçün bundan xəbərsiz olub. Ailə üzvləri ilə əməkdaşlar arasında razılaşma belə olub ki, Roma evdən çıxan kimi tutulub mərkəzinə gətirilsin.

Qanun pozuntusu da elə buradan başlayıb. Direktor Minyayev və işçiləri narkotik asılılığından əziyyət çəkən gəncə özlərini polis əməkdaşları kimi təqdim edərək onu avtomobilə mindiriblər. Roma mərkəzə çatdıqdan sonra nə baş verdiyini anlayıb. O, yüksək səslə qışqıraraq müqavimət göstərib. Üstündən bir neçə dəqiqə keçdikdən sonra Roma mərkəzin içi su ilə dolu hovuzunda halsız vəziyyətdə aşkar edilib. Dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Həkim rəyinə əsasən, zərərçəkmiş şəxsin ölümünə səbəb tənəffüs yollarının su ilə tutulması nəticəsində əmələ gəlmiş mexaniki asfiksiya səbəb olub.

Hadisəyə görə, Şamil Minyayevə Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma), digərlərinə isə 32.5, 309.2-ci (vəzifə saxtakarlığına cəhd) maddəsi ilə ittiham verilib.

Amma müttəhimlər heç biri özlərini təqsirli bilməyiblər. Onlar Romanın boyundan dayaz olan hovuzda (hovuzun dərinliyi 1 metr 70 sm, zərərçəkmişin boyunun uzunluğu 1 metr 80 sm olub-red) boğulmasını narkotikin təsiri altında ola biləcəyi ilə əlaqələndiriblər. Həmçinin özlərini polis əməkdaşı kimi təqdim etmələri ilə bağlı deyilənləri də inkar ediblər.

Romanın yaxınları isə təqsirləndirilən şəxslərdən ikisindən-Şamil və Turxandan şikayətçi olublar. Üçüncü şəxsi tanımadıqlarını deyiblər.

Hakim Fəhmin Hümbətovun sədrlik etdiyi məhkəmə tərkibi tərəfləri dinlədikdən, dəlil və sübutları tədqiq etdikdən sonra belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslər hər biri verilmiş ittihama münasibətdə günahkardırlar.

Hökmə əsasən, mərkəzin direktoru Şamil Minyayev 4 il, Turxan Allahverdiyev 3 il azadlıqdan məhrum edilib. Elman Mehdiyevə isə şərti cəza verilib. O,  məhkəmə zalından azadlığa buraxılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->