Xəbər lenti

Sahara tozu səbəbindən Avropada hava daha təhlükəli olur
Dünya 19:02 17.07.2026

Sahara tozu səbəbindən Avropada hava daha təhlükəli olur

Son on ildə Avropada Sahara səhrasından gələn tozun konsentrasiyası 10–25 faiz artıb, Böyük Britaniyada isə bu tozla əlaqəli hava çirklənməsi təxminən 50 faiz yüksəlib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Nature" jurnalında dərc olunan "İqlim dəyişikliyi şəraitində Avropada toz mənşəli hava çirklənməsinin artması" adlı yeni araşdırmada bildirilir.

Tədqiqatçılar Avropanın müxtəlif ölkələrində yerləşən 103 monitorinq stansiyasından əldə edilmiş 18,5 mindən çox gündəlik ölçmə nəticəsini təhlil ediblər. Ən yüksək toz konsentrasiyası qitənin cənubunda, xüsusilə İspaniya və Kanar adalarında qeydə alınıb. Bu bölgələr Sahara tozunun Avropaya daxil olduğu əsas marşrutlardan hesab olunur.

Mütəxəssislərin fikrincə, əsas səbəb qlobal istiləşmə və insan fəaliyyəti nəticəsində Şimali Afrikada səhralaşmanın sürətlənməsidir. Araşdırmada qeyd olunur ki, toz fırtınalarının sayı demək olar ki, dəyişməsə də, onların intensivliyi artıb və nəticədə daha çox toz şimala daşınır.

Sahara tozu insanlar üçün nə dərəcədə təhlükəlidir?

Araşdırmaya görə, tozun konsentrasiyasının yüksəlməsi infarkt və kəskin tənəffüs sistemi xəstəliklərindən ölüm hallarının artması ilə əlaqələndirilir. Çirklənmiş havaya uzunmüddətli məruz qalmaq isə astma, xroniki bronxit və digər ağciyər xəstəliklərinin inkişaf riskini artırır.

Bu təsirlərdən ən çox uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan insanlar zərər görür. Ən geniş yayılmış simptomlara öskürək, nəfəs darlığı, sinədə sıxılma hissi, həmçinin göz, burun və boğazda qıcıqlanma daxildir.

Sahara tozunun yaratdığı məşhur hadisələrdən biri də "qanlı yağış" adlandırılan təbiət hadisəsidir. Yağış zamanı su damcıları toz hissəciklərini özünə cəlb etdiyindən avtomobillərin, pəncərələrin və digər səthlərin üzərində qırmızımtıl-qəhvəyi izlər qalır.

Bundan başqa, Sahara tozu günəş panellərinin səmərəliliyini də azaldır. Panellərin üzərinə çökən hissəciklər günəş işığının keçməsinə mane olur və elektrik enerjisi istehsalını 15–30 faiz azalda bilər. Güclü toz fırtınaları zamanı bu göstərici 50–80 faizə çata bilər.

Alimlər xəbərdarlıq edirlər ki, iqlimin daha da istiləşməsi fonunda bu problemin gələcəkdə daha da kəskinləşəcəyi gözlənilir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->