Siyasət 21:00 09.01.2023

Sahibə Qafarova İran Parlamentinin sədri ilə görüşdü

Asiya Parlament Assambleyasının (APA) 13-cü Plenar Sessiyasında iştirak etmək məqsədilə Türkiyə Respublikasının Antalya şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 9-da İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Görüşdə ikitərəfli gündəliyin aktual məsələləri, post-münaqişə dövründə regionda mövcud olan vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Spiker Sahibə Qafarova Azərbaycanın regionda sülh və təhlükəsizliyin təmin olunması və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində təşəbbüsləri haqqında məlumat verib. Görüşdə həmçinin parlamentlərarası əlaqələrin mövcud vəziyyəti haqqında da müzakirələr aparılıb.