Xırdalanda quduzluq və ya yoluxucu xəstəliklərin daşıyıcısı olan 15-dən yuxarı sahibsiz itə sahib çıxan yoxdur.
Qaynarinfo xəbər verir ki, sosial şəbəkədə bununla bağlı videogörüntü paylaşılıb. Görüntüdə 15-dən yuxarı sahibsiz itin Xırdalan bazarının qarşısında məskən saldığı görünür.
Hər gün bazara üz tutan Xırdalan sakinləri alış-verişə qorxu ilə girib-çıxdıqlarını bildirir. Sakinlər dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, sahibsiz itlərə hələ də əncam çəkən olmayıb.
Məsələ ilə bağlı Xırdalan bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyədən bildirdilər ki, bu məsələyə onlar deyil, Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi baxır.
Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı Həsən İsmayılov Qaynarinfo-ya açıqlamasında bu məsələnin şəhərdə böyük problem olduğunu deyib:
"Biz o itlərə heç nə edə bilmirik. Nə tuta bilirik, nə də qova. Ona görə problem ciddi olaraq qalır. Yaxın rayonlar, qəsəbələrdən həmin itləri yığıb gətirib Xırdalana buraxırlar. Onlar da yavaş-yavaş Xırdalanda toplanır".
Bahar Rüstəmli
Şərhlər