Şairə, "xınayaxdı” mərasimlərinin aparıcısı Nazilə Səfərli rəqqasə Fatiməni məhkəməyə verib. Buna səbəb Fatimənin bir müddət öncə İnstagramda şairənin ünvanına işlətdiyi fikirlərdir.
"Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan, dingildədiyin masalar qırılar. Bağışla", - Nazilə Səfərli sosial şəbəkə hesabında yazıb.
Onun bu fikirlərinə isə qarşı tərəf daha sərt reaksiya verib. Fatimə İnstagramda canlı yayım açaraq Nazilənin ünvanına sərt sözlər söyləyib:
"Mənim ailəm, oğlum, qızım, yoldaşım, nəslim var. Ona görə də Nazilə Səfərli, ağzını yum otur yerində. Yadına sal ki, neçə il əvvəl gəlmisən mağazama, ərəb rəqsi üçün paltar götürmüsən. Hara getmisən, kim üçün ərəb rəqsi oynamısan, yadına sal. Mən ərəb rəqsi oynayıb ailəmi saxlayıb, uşaq böyütmüşəm”.
Baş verənlərlə bağlı Nazilə Səfərli Qaynarinfo-ya müsahibə verib. Şairə həmkarının qanun qarşısında cavab verəcəyini deyib.
- Fatiməni məhkəməyə verdim. Mən ona 8 gün vaxt verdim. Dedim ki, şansın var, üzr istə. Çünki Fatimə mənə böhtan atıb. Mən onun adını çəkməmişəm, ümumiyyətlə, onunla qətiyyən maraqlanmıram. Amma Fatimə mənim sosial şəhifə hesabımda yazdığım yazını özünə götürüb. Bundan sonra haqqında təhqir, nalayiq sözlər işlətdim. Fatimə deyib ki, guya ondan paltar götürüb harasa gedib, kiminçünsə rəqs etmişəm. Onun fikirləri mənim işgüzar nüfuzuma həm mənəvi, həm də maddi ziyan vurub. Mənim bir yazım var - düşünən bədənim deyil, beynimdi. Pul qazanan da mənim beynimdi, bədənim deyil.
Oriental gözəl sənətdir. Oriental deyəndə adamın ağlına Fatimə gəlmir. Gələ də bilməz. O qədər oriental rəqqasələrimiz var ki. Sən neçə illər bundan öncə bunu etmisənsə, niyə insanların yaddaşını yeniləyirsən? Qızın da ailə qurub. Çörək qazanmaq üçün etmisən bunu. Biri var sənət üçün etmisən, sənətini sevdiyindən etmisən, bu başqa hörmətdir, biri də var çörək qazanmaq üçün soyunub oriental oynamısan. Sənin ərdə olan qızın var, əgər sənə deyilməyibsə, niyə özünə götürürüsən?
- Aranızdakı qalmaqal hardan başlayıb?
- Hadisə belə olub. Mən bir məkana getmişdim. Orada mənə dedilər: "Ay Nazilə, sənin daşın nə yaman ağırmış. Bir rəqqasə zəng edib bizə deyir ki, mənim kimi incə-mincə qızlar qala-qala kor-kobudları reklama çağırırsınız”. Əvvəl əhəmiyyət vermədim, amma sonra baxdım ki, həmin məkanda bir neçə şəxs də bunu mənə dedi. Axırı soruşdum ki, həmin adam kimdir? Dedilər, rəqqasədir, oriental oynayıb. Dedim ki, görən bu kimdir? Sən demə, Fatiməymiş. Bütün bunlar azmış kimi sonra da çıxıb haqqımda böhtan danışıb. Demisən, günahkarsan. Görürsən ki, artıq bu məlumatı mənə xəbər veriblər, ya kölnümü al, ya üzr istə. Mən sənin deyil, sən mənim xətrimə dəymisən.
- Məhkəmədən tələbiniz nə olacaq?
– Təzminat… Əgər üzr istəsəydi, canını qurtaracaqdı. Amma indi həm vəkil tutacaq, həm təzminat ödəyəcək, həm də görüntülü olaraq üzr istəyəcək.
- Təzminatı nə qədərdir?
- Çoxdur, özü də lap çox. Amma bu barədə danışmaq istəmirəm. Rəsmi şəkildə sonra yayılacaq.
- Qarşıda onu bağışlamaq kimi bir fikiriniz olacaq?
- Dövlətin qanunlarından kim yayınıb ki. Qanun hamı üçündür və şahdır. Bir tələbimi də açıqlaya bilərəm, təzminatım həm maddi, həm də mənəvidir. Çünki onun bu fikirlərindən sonra mənim toy biznesimə zərbə dəyib. Şəxsiyyətimə bir ayrı zərbə vurub. Hamısını bir-bir ödətdirəcəm. Ya da çıxıb dediyi fikirləri sübut etməlidir ki, həqiqətən də həmin paltarı mənə verib. Və həqiqətən də mənim harasa getdiyimdən əmindir. Mən rəqs etməyi ayıb bilmirəm. Qadınlarla partilərdə, mərasimlərdə əylənirik, amma onun dediyi mənə yaraşan iş deyil.
Bahar Rüstəmli