Salyanda "Dollar Rüstəm" kimi tanınan şəxsin evinə basqın edən şəxslərdən birinə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 2023-cü ilin avqust ayının 23-də, gecə saat 03.00 radələrində Salyan rayonunda iş adamı, "Dollar Rüstəm" kimi tanınan şəxsin evinə maskalı şəxslər hücum edib.
Hücumun planı Bakı şəhərində hazırlanıb. Belə ki, Sərxan adlı şəxs Mirzə Həsənzadə və Ramil Ağayevlə birlikdə Bakı şəhərində görüşüb, razılığa gəldikdən sonra "Dollar Rüstəm"in evinə basqın ediblər. Maskalı şəxslər əski parçası ilə Rüstəmin ağzını bağlayıb və yapışqan lentlə sarıyıblar və pul tələb ediblər. İş adamı isə "Porsche"nin açarını onlara verməklə, avtomobilin sandıqçasında 30-50 min ABŞ dolları pul olduğunu deyib.
Gözətçi və qonşuların köməyə gəlməsi səbəbindən oğrular hadisə yerindən qaçıblar. Bu zaman Sərxanın üzündən maska düşüb və bu onların kimliklərini aşkarlamağa kömək edib.
1987-ci ildə Gəncə şəhərində doğulmuş Sərxan hadisədən bir gün sonra İstanbula qaçıb. Bu ilin fevral ayında Bakıya qayıdarkən hava limanında saxlanılıb.
Sərxan izahatında bildirib ki, onlara dəqiq xatırlamadığı kimsə Salyan rayonunda yaşayan Rüstəm adlı bir nəfərin faizə pul verdiyini, borc alanların "qanını içdiyini", həyətində "Porsche" markalı bahalı avtomobili olduğunu dediyi üçün sözügedən əməli törədiblər.
Məhkəmədə Rüstəmlə sonuncunun qızı arasında miras üstündə münaqişə olduğunu və bütün bu məlumatları da həmin qızın verməsi barədə də iddia qaldırılıb.
Məhkəmənin qərarı ilə Sərxan Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 10 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Mirzə Həsənzadə və Ramil Ağayev də cinayət məsuliyyətinə cəlb edilib.
Aydın
Şərhlər