Ötən axşam Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən 57-ci km-də ağır yol nəqliyyat hadisəsi baş verib. Virtualaz.org saytının Şirvan bürosunun hadisə yerindən verdiyi məlumata görə, Bakı istiqamətində hərəkətdə olan 10-MP-867 dövlət nömrə nişanlı "Kamaz" markalı avtomaşın qəfl idarəetməni itirərək Akquşa çayına düşüb.
Yük maşını sudan çıxarılsa da, avtomaşında olan sürücü və sərnişin tapılmayıb. İlkin araşdırma nəticəsində məlum olub ki, qəzaya uğramış "Kamaz" Qobustan sakini tərəfindən idarə olunub.
Araşdırma nəticəsində məlum olub ki, qəzaya uğramış "KamAZ"ın sürücüsü Qobustan rayon sakini Anar Qaçayev, yanında oturanınn isə Mahir Vəliyevdir.
Hər iki şəxsin yaxınları (təxminən 50 nəfər) hadisə yerinə gələrək onların cəsədinin tapılması üçün Akkuşa çayında suyun səviyyəsinin təcili aşağı salınmasını tələb ediblər. Onlar bu tələblərinin yerinə yetirilməməsinə etiraz olaraq Ələt-Astara yolunda avtomobillərin hərəkətini 10-15-dəqiqəlik dayandırsalar da, polisin müdaxiləsindən sonra yol açılaraq hərəkət bərpa olunub.
Akkuşa çayına düşmüş “KamAZ”da olan 2 nəfərin cəsədi isə bu gün səhər saatlarında FHN dalğıcları tərəfindən tapılaraq sudan çıxarılıb. Belə ki, sürücü Anar Qaçayevin cəsədi hadisə yerindən 150 metr, sərnişin Mahir Vəliyevin cəsədi isə 100 metr aralıda suyun altından tapılaraq, aidiyyatı üzrə təhvil verilib.