"Qış tətilinə gedəndə futbolçulara proqram vermişdik. Demək olar ki, futbolçular tətilə çıxmayıb. Formalarını qoruyub saxlayıblar. Yalnız Yusuf Laval bir qədər xəstələnmişdi".
Qaynarinfo xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov jurnalistlər üçün təşkil olunmuş brifinqdə deyib.
44 yaşlı mütəxəssis bildirib ki, Mamadu Kane hələlik komandada qalacaq:
"Olimpiakosdan onun mövsümün sonunadək bizdə qalmasını istəmişik. Sabir Buqrin hazırda Tunisdədir və yeni klubu ilə danışıqları davam etdirir. Görünən odur ki, bizimlə olmayacaq".
Baş məşqçi Buqrinin gedişinə təəssüfləndiklərini gizlətməyib:
"Onun getməsini mən və klub istəmirdi. Buqrinin komandadan ayrılması bizim üçün xoş deyil. Onunla danışdıq, bütün fikri getmək idi. Oyunçu bu fikirdədirsə, klub olaraq transferdən qazanc əldə etməyi düşünürük"
Abasov Harramiz Soareslə də yollarını ayırmaq istədiklərini diqqətə çatdırıb:
"Onu ya icarəyə verməyi, ya da danışaraq, müqaviləsini pozmağı düşünürük".
Abasov Azərbaycan millisinin sabiq futbolçusunun Vətən müharibəsi vaxtı neytral mövqeli açıqlamalarına münasibət bildirərkən bunları deyib:
"Eddi İsrafilovla bağlı siyasi məsələləri özü ilə danışsanız yaxşı olar".
44 yaşlı mütəxəssis İsrafilovu yerli oyunçu statusu daşıdığı üçün transfer etdiklərini söyləyib:
"Qışda yerli futbolçu tapmaq çətindir. Fürsət düşdü və gətirdik".
Məşqçi "Neftçi"nin qapıçısı Aqil Məmmədovun əməliyyat olunduğunu da deyib. O, kapitanın təqribən 4-5 həftə yaşıl meydanlardan kənarda qalacağını deyib. (Report.az)