Xəbər lenti

Sanksiyalar İran və Rusiyanı əməkdaşlığa sövq edir - Ekspert
Siyasət08:28 21.06.2022

Sanksiyalar İran və Rusiyanı əməkdaşlığa sövq edir - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu həftə sonu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrana səfər edəcək. Məlumatı İranın xarici işlər nazirliyi yayıb. 
Qeyd edək ki, Lavrov sonuncu dəfə İrana keçən ilin aprelində səfər edib. Ötən müddətdə isə İranın xarici işlər naziri iki dəfə Moskvada olub. Tehran Rusiyanın Ukraynaya müdaxiləsi məsələsində demək olar ki, əsasən Moskvanın yanındadır. Bu yaxınlarda İran qondarma Donetsk rejimilə ticarət müqaviləsi imzalayıb. Bundan başqa, həm İran, həm də Rusiya Qərbin ciddi sanksiyaları ilə üz-üzədir. Bu mənada da iki dövlətin maraqları bir-birinə uyğun gələ bilər. 
Lavrovun səfərini Qaynarinfo-ya açıqlamasında şərh edən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltanın fikrincə, Rusiya XİN başçısının İrana səfəri uzun müddətli sanksiya dövründə bu ölkənin yaşadığı təcrübəni ölkəsinin öyrənmək məqsədindən qaynaqlanır:
"Rusiya, Çin və İran Ukrayna məsələsində müttəfiqdirlər. Bu üç ölkə Suriya və İraqda da müttəfiqdir. Bir sözlə, Qərbin bütün addımlarına qarşı bu üçlük görünən və görünməz formada müttəfiqlik nümayiş etdirir. İranın Donbasdakı qondarma rejimlə ticari əlaqələr yaratması və separatizmi dəstəkləməsi Tehranın atdığı heç də ilk addım deyil. Tehran Abxaziya ilə bağlı da anoloji addımı atıb. Azərbaycanın Dağlıq Qarabağ ərazisi işğal altında olanda da İran Moskvanı dəstəkləyərək, oradakı separatçıları müdafiə edirdi. 44 günlük müharibə dövründə isə İran Rusiyanın hərbi texnikasının öz ərazisindən keçərək Ermənistana çatdırılmasına şərait yaradıb. Ermənistan ordusunu hərbi texnika ilə təchiz edirdi. Hətta Tehran guya Azərbaycan tərəfdə terrorçuların döyüşdüyü barədə təbliğat aparırdı. Bütün bunlar onu göstərir ki, İran Rusiya ilə bir istiqamətdə daban-dabana addımlayır. Bu müstəvidə Qərbin İrana qarşı sanksiyaları da kəskinləşir. Nəticədə İranın iqtisadi vəziyyəti günü-gündən ağırlaşır. Bu ölkəni artıq etiraz aksiyaları bürüyür. Rusiyada hələ ki, etiraz aksiyaları başlanmayıb. Çünki Rusiyanın ehtiyatı var. İranda isə bu resurs tükənməkdədir”. 
Ekspert qeyd edir ki, bu səfər sanksiyalar girdabında çabalayan iki ölkənin bir-birinə dayaq olmasına xidmət edir:
"Lavrovun İrana səfəri sanksiya dövründə İranın yaşadığı təcrübəni ölkəsinin öyrənmək məqsədindən qaynaqlanır. İran bilirsiniz ki, keçən əsrin 90-cı illərin ortalarından Qərbin sanksiyaları altındadır. İndi isə Rusiya da analoji sanksiyalara məruz qalır. Bu mənada, ola bilsin həmin istiqmaətdə təcrübə mübadiləsi aparılacaq. Moskva elan etmişdi ki, Donbasdakı qondarma rejimləri yaxınlarda bir sıra ölkələr tanıyacaq. Donetsklə bağlı İranın atdığı addım da Moskvaya dəstək anlamına gəlir”.
Rüfət Sultan