Sberbank Avropa bazarından çıxdığını elan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın TASS təbliğat agentliyi məlumat yayıb.
"Mövcud şəraitdə Sberbank Avropa bazarından çıxmaq qərarına gəlib. Qrupun törəmə bankları vəsaitlərin anormal axını, işçilərin və filialların təhlükəsizliyi ilə bağlı vəziyyətlə üzləşib", - bankdan bildiriblər.
Hesabatda qeyd edilir ki, Rusiya Federasiyası Mərkəzi Bankının göstərişi ilə "Sberbank of Russia” Avropanın törəmə banklarına likvidlik verə bilməyəcək.
Xatırladaq ki, Avropa İttifaqı Rusiya Federasiyası Mərkəzi Bankına qarşı rəsmən sanksiyalar tətbiq edib.
Avropa Mərkəzi Bankı xəbərdarlıq edib ki, Rusiyanın dövlətə məxsus "Sberbank”ının Avropadakı törəmələri sanksiyalara görə tezliklə iflasla üzləşəcək.
Bundan əlavə, daha əvvəl Cənubi Koreya sanksiyalar tətbiq etdiyini və Sberbank ilə əməkdaşlığı dayandırdığını açıqlamışdı. Böyük Britaniya da Sberbank-a qarşı sanksiyalar tətbiq edib.
Həmçinin, Avropa İttifaqı Şurası Aİ-yə üzv olan 27 ölkənin xarici işlər nazirləri səviyyəsində müəyyən sayda Rusiya bankının SWIFT-dən çıxarılmasını təsdiqləyib. Onların arasında Qazprombank və Sberbank yoxdur.
Alpər