Xəbər lenti

Sanksiyalar işləmir: Kremlin xəzinəsinə neft dollarlarının axını artır - "Bloomberg"in araşdırması
Dünya10:08 17.11.2023

Sanksiyalar işləmir: Kremlin xəzinəsinə neft dollarlarının axını artır - "Bloomberg"in araşdırması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qərbin Rusiya neftinin ixracına qarşı sanksiyaları Kremli Ukraynadakı müharibəni maliyyələşdirməsi üçün gəlirdən məhrum edə bilmir. Yəni, görülən tədbirlər əsas məqsədlərindən birinə nail olmur.
Qaynarinfo bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
Rusiya Maliyyə Nazirliyinin dollar və ya rubl, netto və ya brutto şəklində verdiyi məlumatlar göstərir ki, dövlət xəzinəsinə pul axını aylardır artmaqdadır. Agentliyin qeyd etdiyi kimi, bu rəqəmlər G7 ölkələrinin, xüsusən də ABŞ və Avropanın həqiqətən də Moskvanı neft dollarlarından məhrum etmək istəyi halında, daha aqressiv addımlar atmalı olub-olmayacağı ilə bağlı suallar yaradır.
Bu maliyyələşdirmənin qarşısını almaq üçün əsas vasitə Rusiya neftinin nəqlinə kömək etməsinə mane olan qiymət həddi idi. Ancaq bu həftə aparılan bir araşdırma göstərib ki, keçən ay demək olar hər bir dəniz tədarükü bu həddi keçib. 
"Bloomberg"in Maliyyə Nazirliyinin məlumatlarına əsaslanan hesablamalar göstərir ki, Rusiyanın üç əsas neft dolları vergisi mənbəyindən əldə etdiyi ümumi gəlir aprel-oktyabr ayları arasında təxminən iki dəfə artaraq, keçən ay 13 milyard dollardan çox olub. Oktyabr ayının gəlirləri 2021-ci ilin istənilən ayın qazancını üstələyib.
ABŞ Maliyyə Nazirliyinin nümayənfəsi bildirib ki, qiymət həddinin birinci mərhələsi Rusiyanın neft satışından əldə etdiyi gəlirin həcminin azaldılmasına yönəldilsə də, tədbirin ikinci mərhələsi Rusiyanın tədarüklərinin həcmini qorumaq üçün ödəməli olduğu xərclərin artırılmasına yönəldiləcək.
Bunun üçün nazirlik yükdaşıma şirkətlərinə və qiymət həddindən baha satılan neft daşıyan gəmilərə sanksiya tətbiq etməyə başlayıb və Rusiyanın kölgə donanmasına xərclərini artırmaq yollarını axtarmağa başlayıb.
Keçən ilin dekabrında Avropa İttifaqı Rusiya neftinin dəniz yolu ilə alışını faktiki olaraq dayandırıb və eyni zamanda ixracata qiymət həddi tətbiq edən digər G7 üzvlərinə qoşulub. İlkin zərbə ilin əvvəlində Rusiya büdcəsinin 25 milyard dollarlıq kəsirinə səbəb olsa da, ilk effekt sürətlə azalır. 
Qərbin məhdudiyyətlərinə qarşı çıxmaq üçün Rusiya Qərb gəmiçiliyindən və xidmətlərindən imtina edib. Bu, mülkiyyəti və sığorta statusu qeyri-müəyyən olan tankerlərdən istifadə etməklə həyata keçirilib.
Özəl olaraq, Aİ rəsmiləri qiymət hədlərinin lazım olduğu kimi işləmədiyini etiraf edirlər. Hələ sentyabr ayında ABŞ maliyyə naziri Canet Yellen etiraf edib ki, bu yanaşma öz üstünlüyünü itirir.
Rusiya hökuməti üçün gəlir və xərclər rubl ekvivalentində vacibdir. Bu, ölkənin büdcə xərclərini, o cümlədən Ukrayna ilə müharibə ilə bağlı nəhəng hərbi xərcləri, həmçinin martda keçiriləcək prezident seçkiləri ərəfəsində artan sosial öhdəlikləri nə dərəcədə asan maliyyələşdirə biləcəyini müəyyən edəcək. Və burada Qərb üçün yaxşı xəbərlər yoxdur. 
Üç əsas yığım neft hasilatı vergisi, xam neft və yanacağa görə ixrac rüsumu və bəzi yataqlar üzrə hasilat vergisini qismən əvəz edən gəlir vergisidir. Onlardan əldə olunan gəlir oktyabrda 1,2 trilyon rubla qədər artıb ki, bu da 2022-ci ilin aprelindən bəri ən yüksək səviyyədir. O, həmçinin 2021-ci ilin istənilən ayını üstələyib.  
Rusiya gəlirlərinin artması rus barelinin həm mütləq ifadədə, həm də beynəlxalq benchmark "Brent" markasına nisbətən bahalaşması fonunda baş verir. Son aylarda rublun kəskin ucuzlaşması da xarici valyutada ifadə olunan neft gəlirlərinin artmasına səbəb olub.
G7-nin qiymət həddi Qərb şirkətlərinə bir barelə görə 60 dollardan yuxarı qiymətə satılan Rusiya neftinə nəqliyyat, sığorta və digər xidmətlər göstərməyi qadağan edir. Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci ilin əvvəlində milli neftin "Brent"lə müqayisədə endirimi tarixi maksimuma yüksəlib - bir barel üçün 34 dollardan çox.
Müştərilər. xüsusən də Çin və Hindistanda - kölgə donanmalardan istifadə etməyə vərdiş etdikcə, Rusiyanın "Urals" markalı neft ilə beynəlxalq qiymətlər arasında endirimlər azalır. İndi fərq bir barelə görə 10 dollara yaxınlaşır və Rusiya fərqin daha 5 dollara yaxın azalacağını gözləyir.
ABŞ Maliyyə Nazirliyi Rusiyanın xərclərini artırmağa yönəlmiş səylərinin bir hissəsi olaraq bu yaxınlarda qiymət məhdudiyyətlərini pozduğuna görə beş tankerə sanksiya tətbiq edib. O, həmçinin gəmiçilik şirkətlərindən Rusiya neftini daşıyan 100-ə yaxın tanker haqqında məlumat vermələrini istəyib. Bu tədbirlərin kölgə neft ticarətini azaltmağa kömək edib-etməyəcəyi bəlli deyil.
Avropa İttifaqı həmçinin avropalılara məxsus olan tankerləri kölgə donanmalarına satışını çətinləşdirməyə çalışır. Çox sayda gəmi artıq satılmış olsa belə, bu, Yunanıstan donanmasına problem ola bilər.
Kiyev İqtisadiyyat Məktəbinin (KSE) tərtib etdiyi məlumatlara görə, oktyabr ayında Rusiya neft tədarükünün demək olar ki, 30%-i G7 ölkələrinin şirkətləri ilə bağlıdır. İxracın təfərrüatlı təhlilinə görə, oktyabr ayında Rusiyadan demək olar ki, bütün dəniz yükləri qiymət həddindən baha satılıb. 
Büdcə xərclərini azaltmaq və daha çox neft dollarını saxlamaq üçün Rusiya hökuməti neft emalı zavodlarına subsidiyaları yarıya endirməyə çalışıb, lakin sənaye sektorunun müqaviməti ilə üzləşib. 
Oktyabr ayında tam ödənişlər bərpa edilib və neft emalı zavodları noyabrda subsidiyaları almağa başlayacaq və bu, Rusiyanın xalis neft gəlirlərinə təzyiq göstərməyə davam edəcək və bu da Kremlin maliyyə çevikliyinə təsir göstərəcək.
ABŞ və müttəfiqləri də sanksiyaların Rusiyaya daha geniş təsir etdiyini bildirirlər.
ABŞ Maliyyə Nazirliyinin ötən ay verdiyi açıqlamaya görə, Kreml öz donanmasına, sığortasına və ümumilikdə "G7-dən kənar neft satışı üçün alternativ ekosistemə” milyardlarla dollar xərcləyib. "Yayınma ilə bağlı xərclər artmaqda davam edir", deyə Maliyyə Nazirliyindən Erik Van Nostrand bilirib.
Hələlik G7-nin qiymətlərin yuxarı həddini dəyişmək planları yoxdur və alyans Rusiyaya qarşı sanksiyaların 12-ci paketi üzərində işlədiyindən Avropa İttifaqı mövcud həddi daha ciddi monitorinq etməyi düşünür.
Nizami Bağırov