Qərbin qoyduğu sanksiyalar uzun müddət davam etsə, Rusiya iqtisadiyyatını qurmaq üçün illər lazım olacaq.
Qaynarinfo Alarabiyaya istinadla xəbər verir ki, bu sözləri Rusiyanın keçmiş maliyə naziri Mixail Kudrin
bildirib.
"Sanksiyalar hazırki səviyyədə qalsa, bərpa üçün iki il vaxt lazım olacaq. Daha sonra biz iqtisadiyyatı illərlə yenidən qurmalı olacağıq, çünki bütün növ idxal məhsullarının əvəz edilməsindən danışırıq”, - Kudrin deyib.
O, əlavə olaraq ilin sonuna qədər Rusiyada inflasiyanın 20%-ə qədər arta biləcəyini qeyd edib.
Prezident Vladimir Putin Rusiya iqtisadiyyatının görünməmiş sanksiyaları dəf etdiyini bildirir.
Ekspertlər isə sanksiyaların daha pis təsirlərinin hələ gəlməkdə olduğunu, həmçinin istehsal avadanlıqları və istehlak mallarına görə böyük ölçüdə idxaldan asılı olan Rusiyanın dərin böhrana düşəcəyini gözləyirlər.
Rusiya baş nazirinin müavini Andrey Belousov sanksiyalara görə sənaye və ticarət sektorunda 11% geriləmənin qeydə alındığını bildirib və iqtisadiyyatı dəstəkləmək üçün dövlətin bu il büdcə xərclərini 20% artırdığını qeyd edib.
Qeyd edək ki, Dünya Bankı bu il Rusiya ÜDM-də 11.2% azalma proqnozlaşdırır.
Nurlan Hüseynov