Xəbər lenti

Sarı, mavi, qəhvəyi: Aviasiya raketlərində rəngli zolaqlar nə deməkdir?
Dünya 11:00 14.06.2026

Sarı, mavi, qəhvəyi: Aviasiya raketlərində rəngli zolaqlar nə deməkdir?

Aviaraketlərin üzərindəki rəngli zolaqlar dekorativ element deyil. Bu, təhlükəsizlik üçün nəzərdə tutulmuş standartlaşdırılmış sistemdir. 

Qaynarinfo "WION News”a istinadən verir ki, bu kodlaşdırma NATO-ya daxil olan 30-dan çox ölkədə tətbiq olunur.

Hər bir döyüş təyyarəsindəki raketdə elə nişanlama olur ki, yerüstü texniki heyət silaha toxunmazdan əvvəl onun vəziyyətini dərhal "oxuya” bilsin.

Sarı zolaq

Sarı zolaq raketin daxilində qəlpəli döyüş başlığının olduğunu göstərir. Bu, tam aktiv və yüksək təhlükəli döyüş sursatıdır. Belə nişanlama texniki personal üçün ciddi təhlükəsizlik protokollarının tətbiq edildiyini bildirir.

Qəhvəyi zolaq

Qəhvəyi zolaq aktiv raket mühərriki və ya yanacaq sisteminin mövcudluğunu göstərir. Yəni raket öz gücü ilə hərəkət edə bilir. Bu işarə daşınma və yükləmə zamanı təsadüfi alışma riskinin qarşısını almaq üçün istifadə olunur.

Mavi zolaq

Mavi zolaq tam əksini bildirir. Bu cür raketlərdə nə partlayıcı maddə, nə də yanacaq olur. Onlar təlim məqsədli maketlərdir və pilotların və yerüstü heyətin təhlükəsiz məşqləri üçün istifadə edilir.

Sarı və qəhvəyi zolaqlar birlikdə

Əgər raketdə həm sarı, həm də qəhvəyi zolaq varsa, bu, onun tam döyüş vəziyyətində olduğunu göstərir: həm döyüş başlığı, həm də mühərrik aktivdir. Bu tip raketlər "hava-hava” sinfinə aid olub istifadəyə hazır sayılır.

Qeyd olunur ki, bütün bu sistem MIL-STD-709D hərbi standartına uyğundur və 30-dan çox müttəfiq ölkənin ordularında tətbiq edilir. Məqsəd sürətli döyüş şəraitində insan səhvlərinin riskini minimuma endirməkdir.

Aydın
--> -->